Əzadarlığa irad edənlər, boşuna çırpınmayın!..

Əzadarlıq məclislərində dini şüarların səsləndirməsinə qadağalar dinin ölkədə qadağalarla üzləşdiyi bir çox səbəblər kimi, əslində, siyasi xarakter daşıyır. Bunu siyasi müstəvidən çıxararaq din donuna salmaq istəyənlərin uğursuz addımları bu addımın arxasında duran qüvvələrin özü kimi aydın, cılız və zəifdir. Bu zəifliyi gizlətməyə çalışanların şəhid anası arxasında gizlənməsi isə həqiqətdə utanc gətirici bir haldır. Bacardığı qədər məzhəb qarşıdurması aparmağa çalışan “Yeni sabah”ın dini şüarları şəhid anasına qarşı qoyularaq səsləndirdiyi saxta fikirlər məhz bu labirintdə gizlədilən soyuq yanaşmanın təzahürüdür ki, bu iddialara cavab verməyi özümüzə borc bildik. 
Öncə “Yeni sabah”ın iddiasına əks olaraq, şəhid Polad Şirinovun anası onun adından hallanan, İmam Hüseynin (ə) adının çəkilməsini istəməməsi iddiasına ana özü cavab verərək etiraz edib. Ana bildirib ki, onun fikirləri mediada dəyişdirilib və o, bununla bağlı hüquq mühafizə orqnlarına müraciət edəcək. 
Biz isə bu mövzuda ehtimal olunmayan belə bir halın arzusunda olanlar üçün bir neçə məqama toxunaq. Bunu bizim əsrlərdən bəri formalaşmış matəm mədəniyyətimizin təsvirindən başlayaq. Danılmaz bir faktdır ki, Azərbaycanımızın matəm mədəniyyətində İmam Hüseynə (ə) ağlamaq və yas tutmaq mövcuddur. Bu aksiomadır! Elə pəncərədən (telefonunuzun ekranından) boylansanız buna milyonlarla nümunə görə bilərsiniz. Əksi isə bizdə nə alqış, nə də musiqi ilə yas tutmaq ənənəsinin mövcud olmadığı Dini Qurumlardan DİN-ə qədər, bütün müvafiq qurumlara, hər kəsə bəllidir. Unutmamış qeyd edək ki, sovetlərdə bir sıra rəsmi şəxslərin dəfnləri istisna olmaqla, nə əvvəl, nə də sonra kim isə öz yaxınını nə alqış, nə də musiqi sədaları altında dəfn etmir. Hətta bugün dini şüarları qaralamağa çalışanlar, şəhidləri alqışla dəfn etmək istəyində bulunanlar belə, inşallah, şəhidləri olacağı təqdirdə, onların da fit, alqış və musiqi sədaları altında dəfn olunmasını istəməyəcəyi dəqiqdir. 
İkinci məsələ şəhid anasının bu olaya ehtimal olunan etirazıdır. Biz bütün şəhid analarına hörmət və ehtiramla yanaşır, qarşılarında baş əyirik. Yüzlərlə nümunə var ki, şəhid ana və ataları övladları ilə bərabər, İmam Hüseynə (ə) ağlayıb şəhid dəfnində imama matəm tutduğunu söyləyirlər. Axı yüzlərcə nümunənin görməzdən gəlmək də yerdə qalan yüzlərə hörmətsizlikdir. Siz sözügedən bir nümunəni hörmətsizlik adlandırdığınız halda, bəs yüzlərcə digər nümunə olan İmam Hüseynə (ə) matəm saxlayan şəhid anaları üzərindən xətt çəkib, əzadarlığa qadağa qoyma cəhdi onlara hörmətsizlik deyilmi? Əgər bir ananın İmam Hüseyni (ə) deyil, oğluna şüar istəməsini əsas gətirib, İmam Hüseynə (ə) şüar deyilməsini həmin anaya hörmətsizlik adlandırırıqsa, oğullarını İmam Hüseynin (ə) bağına əkilən çiçək adlandırıb “Hüseynə ağlayıram” deyən anaların da istək və sevgisinə ehtiram göstərməliyik. Əlbəttə, bir daha bildiririk ki, belə bir hal yoxdur. 
Üçüncü məsələ bəlkə şəhidin heç bir dini mənsubiyyəti olmamasıdır ki, bu media orqanının üzrü qəbahətindən betər iddiasıdır. Şəhid ifadəsi və anlayışı özü-özlüyündə elə İslam simvolu, din şüarıdır. Şəhid – dini bir məfhumdur! Dinsizlik iddiasında şəhidə yanaşan “yenisabah” əslində, bu addımı ilə şəhidlik məfhumu üzərində xətt çəkmiş olur. Bu isə nəinki şəhidə, bütün Azərbaycan xalqına hörmətizlikir. 
Bir də, biz bütün şəhidlərimizə İslam qanununa müvafiq müsəlmana məxsus meyit namazı qıldıqdan sonra ona dini şüarlar əhatəsində çiyinlərimizə alaraq dəfnə qaldırmışıq. Bəlkə şəhidlərimizin İslam ənənəsinə uyğun dəfn edilməsinə də etiraz edək?..
Sonda, İmam Hüseyni (ə) nümunə olaraq göstərilməsi səbəbini başa düşməyənlərə! Bunun başlıca amili sizin evinizdə hələ də şəhidin olmamasıdır. Biz İmam Hüseyn (ə) matəmini nümunə göstərməklə ürəkləri dərddən yanan şəhid ailələrinə böyük müsibətlərdə dözüm, inam və əqidəvi təskinlik aşılamağa çalışırıq. Onlara mənəvi dəstək olmağa çalışırıq. Burda başqa bir məna axtarmaq vallah, yersizdir. Hansı ki, İmam Hüseynin ailəsinin neçə-neçə üzvü haqqın şəhidi olaraq ölümsüzlüyə yüksəlib. Elə bu səbəbə görə də, şəhid ailələri, şəhid əzizləri şəhadətin zirvəsində duran dözüm, inam, ümid və eşqi məşəri İmam Hüseynlə (ə) bu dərdi daha səbir və şükürlə adlaya bilirlər. 
Bu mövzunun həssaslığını nəzərə alıb, bir daha İmam Hüseyn (ə) şüarlarına qadağada iddialı olun orqanlara: ehtiyatlı olun! Hələ Hüseynə qarşı qalxan elə bir güc olmayıb ki, zəlil məğlubiyyətə uğramasın. Bunun xəlifə Yəziddən Səddam Hüseynə qədər yüzlərcə nümunələri var.