Yoldaşlıq və onun əhəmiyyəti

Dost – bu ifadə insanlar arasında ən ülvi xüsusiyyətlərə malik bir ifadədir. O qədər müqəddəsdir ki, insan öz dostundan ötrü hər şeyi qurban verməyə hazır olmağı düşünür. Deyirlər ki, dost qardaşdan da irəlidir. Atalar məsəlinə görə “kaş bütün qardaçlar dost olaydı” məsəli məşhurdur. Çünki insan öz doğma qardaşından gizlətdiyi sirrləri öz dostundan gizlətmir. Xülasə görək İslam baxımından dosta nə dəyər verilib.
İmam Səccad (ə) buyurub: “Yoldaşının sənin boynunda haqqı budur ki, nə qədər mümkünsə, onunla bağışlayan halda və yaxşılıqla yoldaşlıq et. Əgər mümkün deyilsə, ən azı onun haqqında insafa riayət et. O sənə ehtiram və hörmət kimi, sən də onun ehtiramını saxla. Sənin abır-həyanı gözlədiyi kimi, sən də onun abər-həyasını gözlə. Çalış ki, heç bir kəramətli işdə səndən qabağa düşməsin. Əgər səndən qabağa düşsə, xeyirli işlə sən də onun əvəzini çıx. Nə qədər bacarırsansa yoldaşlığınızı qoru. Özünə vacib bil ki, onu qoruyub pənahgahı olasan. Allah-Təalaya itaətdə ona kömək et. Günah iş görməsini qərara almasının qarşısını al. Ondan ötrü rəhmət qaynağı ol və ona əziyyət verən olma! Allahdan başqa heç bir güc-qüvvət yoxdur.”
Bu hədisin xülasəsi və nəticəsini dörd qismə bölmək olar:
1.İmkan olan halda insan öz yoldaşı barəsində mərhəmət edib onunla yaxşı rəftar etməli və onun haqqında ən azı insafa riayət etməlidir.
2.Yoldaşın onun ehtiramını saxladığı kimi, o da onun ehtiramını saxlamalı, xeyir işlərdə ondan öndə getməli, əgər yoldaşı ondan qabağa düşüb ona bir yaxşılıq edərsə, mütləq bunun müqabilində o da əvəzini çıxmalıdır.
3.Dostluqda, məhəbbətdə, nəsihətdə və Allaha itaət etməkdə əlindən gələni əsirgəməməlidir.
4.Həmişə yoldaşının günaha düşüb Allahın əmrindən çıxmasının qarşısını almalı və ona heç zaman əziyyət etməməli, əksinə rəhmətli, şəfqətli olmalıdır.
Insan başqalarının xüsusiyyətini tez qəbul edən bir varlıqdır. Xüsusən insan biri ilə yoldaşlıq edirsə bir-birlərinin xasiyyətlərini mənimsəyirlər. Məsəl var ki, deyirlər: “Səni tanımaq istəyirəmsə dostunu çağır, o, necədirsə, sən də o cürsən.” Belə olduğu halda Quran bizə öz köməkliyini göstərir və nadan, qafil insanlarla dost olmaqdan çəkindirir, qiyamətdə isə bu dostluqdan necə peşiman olmağımızı belə təcəssüm etdirir: “ O gün zalım əllərini çeynəyib deyəcəkdir: Kaş ki, mən Peyğəmbər (s) vasitəsilə (özümə) doğru bir yol tutaydım. Vay halıma! Kaş filankəsi özümə dost tutmayaydım. And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan o, azdırdı! Şeytan həmişə insanı xar edəndir!” ( Furqan 27,28,29)
Bu ayələr qiyamət səhnəsini canlandırır. Amma bəzi insanlar pis yoldaşdan elə bu dünyada da əziyyət çəkirlər. İnsan belə hallarla rastlaşmaması üçün gərək göstərilən sifarişlərə əməl etsin.
Həzrət Əli (ə) pis dostun insana təsiri barədə buyurur: “ Şər insanlarla dostluqdan çəkinin! Çünki insanın təbiəti özü də bilmədən qarşı tərəfin pislik və çirkinliklərini oğurlayır. Sənin bu işdən xəbərin belə olmur” ( Şərhi Nəhcül Bəlağə İbn Əbil Hədid, c. 2, səh.272)
İmam Sadiq (ə) buyurur: “Hər kim özünə pis dost seçsə, onun pisliyi ucbatından onun sağlam ruhiyyəsindən əsər-əlamət qalmaz” (Müstədrəkül-Vəsail c.2, səh.65)
Yenə də O Həzrət buyurur:” Hər kim axmaqla dost olmaqdan çəkinməsə, onun axmaqcasına gördüyü işlərin təsiri altına düşəcək və tezliklə xoşagəlməz əxlaqa malik olacaq.” (həmin mənbə)
Həzrət Əli (ə) buyurur: “ Sənin təbiətin pislik və şər işi pis yoldaşdan oğurlayır.”
Yenə O Həzrət buyurur: “ Bu altı sifətə malik şəxslərlə dostluq və yoldaşlıq etməyin faydası yoxdur:
1. Sənə söz deyəndə yalan deyər.
2. Sənin sözünü yalan sayar.
3. Sən onu əmin bildiyin halda o sənə xəyanət edər.
4. O səni əmin bildiyi halda sənə töhmət vurar.
5. Əgər ona nemət versən, sənə təşəkkür etmək fikrində olmaz.
6. Nemətə qarşı küfr edər və sənə nemət versə, boynuna minnət qoyar.
Nəticədə belə şəxslərlə dostluq lazım deyildir.” ( İsna Əşəriyyə səh.231)
İmam Baqir (ə) buyurur: “ Atam mənə vəsiyyət edərək buyurdu: Oğlum! Beş tayfa ilə mütləq şəkildə nə yoldaşlıq, nə də dostluq edərək həmsöhbət olub yol getmə! Soruşdum: Sənə qurban olum atacan, o beş tayfa kimlərdir? Buyurdu: Əvvəla, fasiq şəxslərlə yoldaşlıq etmə. Çünki səni bir qarın yeməyə, hətta ondan da aza satar. Soruşdum ki, ondan da az nədir? Buyurdu: Səni bir loğmaya da satar, lakin istəyinə çatmaz. İkinci dəstə kimlərdir?-deyə soruşdum: Buyurdu: Paxıl şəxslərlə yoldaşlıq etmə. Çünki onun malına şiddətli surətdə ehtiyacın olduğu halda səni öz malından məhrum edər. Soruşdum: Üçüncü dəstə kimlərdir? Buyurdu: Çox yalançılarla yoldaşlıq etmə. Çünki belə dost ilğım kimidir. Yaxın itaət yolunu sənə uzaq edər və yolu uzaq olan günahı sənə yaxınlaşdırar. Dördüncü tayfa kimlərdir?-deyə yenə soruşdum: Buyurdu: Nadan və ağıldan kəm insanlarla yoldaşlıq etmə. Çünki o, sənə xeyir vermək istədiyi halda zərər verər. Nəhayət soruşdum:Beşincilər kimlərdir? Buyurdu: Qohum-əqrəbası ilə əlaqəsini kəsənlə yoldaşlıq etmə. Çünki mən, Quranda onların üç dəfə Allah-Təala tərəfindən lənətləndiklərini görmüşəm.” ( Kəşfül-Ğümmə c.2, səh.293) O üç yer bunlardır: Məhəmməd 22,23; Rəd 25;Bəqərə 27.
İmam Həsən (ə) öz vəsiyyətində Cünadət ibni Üməyyəyə buyurur: “ Öz nəfsinlə həmişə hesabat apar. Əgər çətinliyə düşsən bu xüsusiyyətlərə malik olan insanlarla yoldaşlıq et! Sənə zinət olan kəslərlə, hüzuruna gedərkən səni qəbul edub qoruyan kəslərlə, onun köməyinə ehtiyacın olsa, sənə kömək edən kəslərlə, ona söz deyərkən sənin sözünü təsdiqləyən kəslərlə, əgər onunla dostluq əhdi bağlasan əhdində möhkəm olan kəslərlə, əgər əlini onun fəzilətinə tərəf uzatsan əlindən tutan kəslərlə, əgər səndən abır-həyanın aradan getməsinə səbəb olan bir şey baş versə, onu gizlədən kəslərlə, əgər sənin tərəfindən yaxşılıq görsə, onu nəzərə alan kəslərlə, əgər ondan bir şey istəsən, sənə verən kəslərlə, əgər ruzigarın hadisələri ilə qarşılaşsan, səninlə bərabər və qardaş olan kəslərlə yoldaşlıq et!”
Həzrət Əli (ə) alim və bilik əhli ilə yoldaşlıq etməyi bizə tövsiyyə edir: “ Yalnız sağlam düşüncəli, ağıllı və Allahdan qorxan şəxslərlə yoldaşlıq et! Yalnız öz nəfsini paklayan alimlərlə yoldaşlıq et! Sirrini yalnız əhdinə əməl edən vəfadar möminə söylə!”
Yenə O Həzrət (ə) buyurur: Bilin! Alimlərlə oturub onlara tabe olmaq elə bir işdir ki, ona görə insana mükafat verilər. Alimə tabe olmaq ehsana, yaxşılığa çatıb günahların aradan getməsinə səbəb olar. Həmçinin bu əməl, möminin axirət azuqəsi, dünyada və ölüm anında onun şərəfidir.”
Allah bizi bu sifarişlərə əməl etməkdə müvəffəq etsin!
Fərhad Mirzə
İlahiyyatçı.
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü.
Ferhad Mirzə