"Yaşatdıqlarınızı yaşamayınca bu dünyadan köçməyəcəksiniz!"

Mayın 20-də Müsəlman Birliyi Hərəkatının 5 üzvünün saxlanması və işgəncələrə məruz qalması ölkədə narazılığa səbəb olub. Sosial şəbəkələrdə minlərlə istifadəçi saxlanan və haqsızlığa məruz qalan vətəndaşları müdafiə edib. 

Operativ.tv Dastan.info-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan İslam Partiyasının Qadınlar Şurasının sədri, Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri, ilahiyyatçı alim Növrəstə İbrahimova sosial şəbəkə hesabında etdiyi paylaşımla baş verənləri qınayıb:

"Mayın 20-də Bakı Ağır Cinayətlər məhkəməsində günahsız, çox ləyaqətli bir gəncimiz Razi Hümbətov 6 il müddətinə azadlıqdan məhrum edildi. O, narkomaniyaya qarşı mübarizə aparırdı və narkotik satışı ittihamı ilə şərləndi. Onun məhkəməsində iştirak etmək üçün gedən vətəndaşları prosesə buraxmayıblar. Bununla da bu vətəndaşların konstitusion hüquqlarını pozublar. Çünki Azərbaycan qanunvericiliyində hər bir vətəndaşın açıq keçirilən məhkəmədə iştirak etmək hüquq var. 

Məhkəmənin bağında prosesin sona çatmasını gözləyən vətəndaşları polis zorakılıqla oradan dağıdıb və buna etiraz edənlərdən 5 nəfərini həbs edib. Onlardan 3-nə 30 sutka inzibati həbs cəzası verilib, ikisi sərbəst buraxılıb. Biz sərbəst buraxılan Süleyman Ələkbərovun və Mail Kərimovun başına gətirilənləri dinlədik. Bu işgəncələr haqqında eşitmək çox acınacaqlıdır. Çünki vətəndaşın öz ölkəsində və dövlətə məxsus idarədə işgəncəyə məruz qalması, təhqir edilməsi çox utanvericidir. 

Deyəcəyim budur ki, hər bir vətəndaşın söz və ifadə azadlığı var. Zor tətbiq etməklə, işgəncə verməklə vətəndaşın bu hüquqlarını əlindən almaq ölkənin konstitusiyasını heçə saymaqdır. 

Unutmayın hökmranlıq küləyi həmişə eyni tərəfə əsməyib. Gün gələr etdiklərinizin iki bərabərini yaşayarsınız!
Hz. Muhəmməd (s) buyururdu: Yaşatdıqlarınızı yaşamayınca bu dünyadan köçməyəcəksən!

Qeyrətin, kişiliyin ölüb, tükənən dövründə barmaq sayı kişilərə həqarət və işgəncə etmək insanlığın və qeyrətin yoxluğunun bariz nişanəsidir!"