Vəkil Dini etiqad və vicdan azadlığı haqqında qanunda dəyişikliyi şərh etdi - Müsahibə

Vəkil Fariz Namazlı "Dini etiqad azadlığı" haqqında qanuna edilən dəyişikliklərlə bağlı Rakurs.tv-nin suallarını cavablayıb.

 

Müsahibəni təqdim edirik:

 

-Qanunvericilikdə ümumiləşdirilən müddəalar sonradan anlaşılmaz vəziyyətdə qanuna çevrilərək qadağa mahiyyəti alır. Buna etiraz etmək istəyən vətəndaşa isə istənilən məzmunda izahı mümkün olan maddə göstərilərək əməllər hüquqiləşir. Suallarımız da bu günlər düzəliş edilən “Dini etiqad və vicdan azadlığı” haqqında qanun haqqındadır. Öncə hamını narahat edən bir sualla başlamaq istərdik. On ildən artıq bir müddətdə daima mübahisə predmetinə çevrilən hicabın orta, ali məktəb və iş yerlərində bağlanması qanunla qadağan olunurmu?

-Mətbuatda bununla bağlı fikirlər hallansa da, lakin konkret olaraq qanunla hicabla təhsil ocaqlarına və sair yerlərə getmək qadağan olunmayıb. 

 

Mahiyyətindən göründüyü kimi “Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır” fikri qarışıqdır. Dini etiqada məcbur etmə deyəndə nə nəzərdə tutulur? Məcbur edilmə necə müəyyən edilir? Məcbur etmə deyincə hicabın, azyaşlı uşaqların məcburi örtülməsi deməkdirmi? Bunu qadağan edən mexanizmlə məşğul olan orqan hansıdır? (uşaqların məcbur edilməsini müəyyən edən)

-Bu maddədə əsasən uşaqların istəyinin əleyhinə olaraq dinə məcburiyyət göstərilib. Əgər bir uşaq hansısa dini ayinlə məşğul olmaq istəyirsə bunu heç bir qanun qadağan etmir. Bu işlə məşğul olan orqan isə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsidir.

-“Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.” Dini tərbiyə ümumiyyətlə psixi və sağlamlığa necə mənfi təsir göstərə bilər? Sizcə qanunda yanlış, “qadağan olunmuş dini məlumatlarla uşaqları istiqamətləndirmək” kimi dəqiqləşmələr mövzunu hədəfləməzmi?

–Qeyd olunan maddədə sağlamlığa psixi mənfi təsir göstərən dini tərbiyədən məqsəd radikal, ekstremis dini cərəyanlar nəzərdə tutulur. O cərəyanların təbliğ etdiyi fikirlər uşaqların psixikasına mənfi təsir göstərdiyi üçün qadağan olunur. Ancaq konkret olaraq bu mövzu ilə bağlı dəqiq meyarlar qanunda nəzərdə tutulmayıb. Maddədə siyahı olaraq hansısa ədəbiyyat və ya dini cərəyan qeyd olunmadığından maddə açıq olaraq qalır.

-Qanunda dinlə məşğul olmaq üçün hər hansı bir yaş həddi müəyyən olunurmu?

-Ümumi olaraq dinlə məşğul olmaq üçün 18 yaş müəyyən olunub. Lakin uşaqların dini ayinlərlə məşğul olması da heç bir qanunla qadağan olunmayıb. Məsələn 13-15-yaşlı bir uşaq məscidə dini ayinləri icra etməyə gedirsə onun bu hərəkətinə heç kəs qadağa qoya bilməz. Lakin burada əsasən uşaqların dini ayinləri, istər namaz, istərsə də hicab olsun, icrasını öz iradəsi ilə gerçəkləşdirirsə bu qanunla iczəlidir və uşaqlar bu addımlarında azaddırlar.