Vəkil: Anar Əliyev quru aclığa başlayıb

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş və Almaniyadan siyasi mühacir olduğu bildirilən Anar Əliyev quru aclığa başlayıb.

Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan A.Əliyev quru aclığı ona qarşı siyasi və qurama ittiham irəli sürülməsi, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulması və 6 yaşlı qızının şəxsiyyət sənədlərinin düzəlməsinin qarşısının alınmasına etiraz olaraq başlayıb.

Vəkil qeyd edib ki, A.Əliyev hazırkı vaxtadək həkim müayinəsindən keçirilməyib.

Bu məsələ ilə bağlı hələlik DİN-dən açıqlama almaq mümkün olmayıb.

Anar Əliyevin Almaniyada humatinar əsaslarla sığınacaq aldığı və iyulun 8-də xəstə atasını ziyarət etmək üçün həyat yoldaşı və 2 uşağı ilə birlikdə Azərbaycana gəldiyi bildirilir. O, iyulun 25-də həbs edilib.

Onun həyat yoldaşının Azərbaycandan çıxmasına qadağa qoyulduğu və bu səbəbdən, uşaqların təhsilini davam etdirməsi üçün geri qayıda bilmədiyi bildirilir.

Anar Əliyev barəsində Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələri,... hazırlama,... göndərmə və ya satma) və 234.4.3 ( küllü miqdarda) maddələri ilə cinayət işi qaldırılıb. Bu maddələrlə şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər.

Anar Əliyev özü bu ittihamları rədd edir və şərləndiyini bildirir.

Anar Əliyevin həyat yoldaşı Anarə Əliyeva Amerikanın Səsinə deyib ki, şantaja məruz qalır.

"Nizami Rayon Polis İdarəsində həyat yoldaşımı yola gətirməyi, onu 'cinayət törətdiyini etiraf etməyə' razı salmağı, həmçinin mətbuata və beynəlxalq təşkilatlara bu məsələ barədə məlumat verməməyi təklif edirlər. Bunun əvəzində ölkədən çıxışa qadağanın götürüləcəyini vəd edirlər. Mən belə bir qanunsuz sövdələşməni qəti şəkildə rədd etdim. Bundan sonra məni təqsirləndirilən şəxs qismində cəlb edəcəklərilə hədələdilər,” Anarə Əliyeva deyib.

O hesab edir ki, həyat yoldaşı Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar Almaniyada keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə təqib olunur.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bundan öncə bildirib ki, Anar Əliyev konkret cinayət əməli törətməkdə şübhəli bilinərək cəlb olunub, istintaq davam edir.

O, həbs edilən şəxsin həyat yoldaşının söylədiklərinin həqiqətə uyğun olmadığını bildirib.