Unudulmayan 6 il-VİDEO

 

Tarixdə bir çox hadisələr olub ki, öz zamanlarında onlara hüquqi baxımdan doğru qiymət verilməyib. Çünki həmin dönəmlərdə qanunları qoruyub riayət edən vicdanlı insanlar tapılmayıb. Tarix səhifəsinə həkk olunan 26 Noyabr qanlı Nardaran faciəsi də bu qəbildəndir. Həmin vaxt kimlərinsə sifarişi əsasında törətdilən hadisə nə qədər ağır və dəhşətli olsa da, əməllərin çirkinliyi özləri kimi aşkar idi. Sübutlar və məntiq əsasında haqq-ədalət açıq şəkildə bəlli olsa da, lakin həmin vaxtdan indiyə qədər həqiqətlər inkar edilib. Bu günə kimi tükürpədici hadisələrin şahidi olan bizlər əminik ki, bir gün gec də olsa haqq və ədalət öz yerini tapacaq. Bizi həbs edənlər çox yaxşı bilirdilər ki, Tale Bağırzadə və onunla həmfikir olanlar nə cinayətkar, nə də ki Nardaran camaatı silahlı birləşmələr yaradan terroristlər idi. Bu bizləri günahsız yerə həbs edənlərin və istintaq aparanların ara-sıra söylədiyi uydurmalar idi. Onların dərdi yalnız bu idi ki, "Tale Bağırzadə həqiqətləri deyir".

Nardaran hadisəsinin sifarişli olduğunu aşkara çıxaran başqa bir nüans budur ki, bu hadisələrin pərdəarxasında olan səbəbkarlar əllərindəki medianın gücü ilə Nardaran camaatından "div", "xoxan" düzəltdilər. Ən böyük yanlışlardan biri elə bu idi ki,media sayəsində MBH-ni və Nardaran camaatının dindar kəsimini hələ hadisə baş verməmişdən 20 gün əvvəl ən ağır ittihamlarla mühakimə etdilər. Keçirəcəkləri iyrənc əməliyyata görə sadə, ictimai-siyasi məsələlərdən kənar insanların şüurunda özlərinə qarşı bu vasitə ilə inam yaratmağa çalışdılar. 20 gün sonra isə iyrənc əməliyyatı həyata keçirdilər.

Bu hadisələrin baş vermə səbəbi demək olar ki, hər bir azərbaycanlıya məlumdur. Həmin gün Hz. Hüseynin (ə) əza məclisinə yığışan insanlar namaz qıldıqları zaman güllə atəşinə tutuldu, qanları töküldü. 300-ə yaxın insan şərlənib həbs olunaraq, doğmalarından ayrı salınıb soyuq divarlar arasına məhkum edildi. Haqqı dilə gətirməsinlər deyə hər fürsətdə ağır işgəncələrə məruz qoyuldu. Hadisələrdən 6 il ötsə də, bu qanlı faciənin şahidi olan kəslər üçün hər şey dünənki kimi təzədir. Nə deyək?... Bu həm cəmiyyətin, həm də bu cəmiyyətdə zülmə məruz qalan bizlərin ağır imtahanı idi.

 Nardaran hadisələri zamanı iki polis, dörd dindar qardaşımız şəhid edildi. Onların həyatlarına qəfil və amansız formada son qoyuldu. Qanları torpağa qarışdı. Düzdür, onlar Allah tərəfindən talelərinə şəhidlik yazılmış kəslər oldu, lakin heç şübhəsiz, hesab günü zülm əhlindən, böhtan atan kəslərdən haqlarını istəyəcəklər.

Sonda bunu da qeyd edim, dövlətinə, dininə və dindarlara qarşı çıxanlar bilsinlər ki, dəyərlərin azadlığı bizim azadlığımızdan qat-qat önəmlidir. Sizlər doğru yolda olan haqqı deyənlərə qarşı nə qədər çıxsaz da, dövlətini, milli məfkurəsini və dini dəyərlərini unutmayan vicdanlı kəslər bu yolun yolçularını ehtiramla yad edəcəklər. Bunu da bilin ki, dövlətin milli-mənəvi, dini dəyərlərini qoruyub yaşadanlardan qorxmaq lazım deyil. Cəmiyyətdə mənəviyyatsızlığı yaymaq üçün dövlətin milli və dini dəyərlərinə qarşı çıxanlardan qorxmaq lazımdır.

Əminəm ki, bir gün ədalət öz yerini tapacaq. Bu qanlı hadisənin əsas səbəbkarları axirətdən öncə dünya məhkəməsində mühakimə olunacaqlar.

 

Abbas Hüseyn