Türkiyə və Ermənistan arasında normallaşma danışıqları aparılır

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla normallaşma danışıqlarının davam etdiyini və növbəti görüşün iyulun 1-də Vyanada keçiriləcəyini açıqlayıb.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Türkiyə və Ermənistanın Normallaşma Prosesi üzrə xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş 1 iyul 2022-ci il tarixində Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan da sosial şəbəkədəki açıqlamasında görüşün yerini və tarixini təsdiqləyib.
Bundan əvvəlki görüş də mayın 3-də Vyanada keçirilib.
“Biz Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün imkanlar görürük və bu imkanlardan yararlanmaq üçün hər şeyi edəcəyik” – deyə Ermənistanın baş naziri Nikol Paşinyan dünən videokonfrans vasitəsilə keçirilən mətbuat konfransında deyib.