“Tərtər işi” üzrə zərərçəkənlərin qohumları yeni istintaqın gedişindən narazıdırlar

Operativ.tv Turan-a istinadən məlumat verir ki, bu gün "Tərtər işi" üzrə fiqurantların qohumları Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçiriblər. Onlar təkrar istintaqın, məhkumlara və əziyyət edilmiş hərbçilərə qarşı işgəncə faktlarının araşdırılmasının gedişindən narazıdırlar.

Aksiya iştirakçıları qeyd ediblər ki, istintaqın yenilənməsinə baxmayaraq, işlərin saxtalaşdırılmasında, işgəncələrdə və qətllərdə əli olan məmurların bir çoxu məsuliyyətdən kənarda qalıb.

Onlar bütün günahkarların cəzalandırılmasını tələb ediblər.

Etirazçıların nümayəndələri Baş Prokurorluğa dəvət olunub.

* 2017-ci ilin yazında bir qrup hərbçi və mülki şəxs Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq və Azərbaycan Müdafiə Nazirliyinin bölmələrinə qarşı təxribat hazırlamaq ittihamı ilə həbs edilib. Bu iş üzrə istintaq və məhkəmə prosesləri qapalı keçirilib. İstintaq zamanı səkkiz nəfərə ölüncəyədək əziyyət edilib, beş nəfər ölümündən sonra bəraət alıb.

2021-ci ilin dekabrında günahsız zərərçəkənlərin və məhkumların yaxınlarının çoxsaylı etirazları səbəbindən “Tərtər işi” üzrə istintaq yenidən başlayıb.

Bu ilin aprel ayına kimi müstəntiqlər hərbi hissələrdə işgəncələrə məruz qalan 397 nəfəri zərərçəkmiş kimi tanıyıb. Eyni zamanda, əsassız olaraq mühakimə edilmiş 16 nəfərin barəsində hökm ləğv edilib.

Bundan əlavə, 10 nəfər Azərbaycan Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci  (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.