Tarix yazan qəhrəmanlar

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan 27 sentyabr ANIM GÜNÜ ilə bağlı məktub ünvanlayıb:

Yaşadığımız zamanda bütün Qafqazı heyrətə gətirən, tariximizə və dünya tarixinə həkk olunan 27 Sentyabr illərlə səbri tarıma çəkilmiş bir xalqı zəfərə aparan günün başlanğıcıdır. Ötən ilin bu günü bizlər qəhrəman oğullarımızn sayəsində eyni anda həm sevinci, həm də kədəri hamılıqla bir yerdə yaşadıq. Çünki vətən torpaqlarının azadlığı qələbə ilə başlasa da, neçə-neçə əzizlərimizin mübarək bədənləri qana boyanmışdı. Onlar ailələrindən, sevdiklərindən ayrılsalar da, Allaha qovuşmuşdular. Çətin şəraitdə başlanan müharibədə öz dəyanət və şücaətləri ilə bizləri sevindirən insanlar, şəhadətləri ilə də bu xalqı cuşa gətirməyi bacarmışdılar.

  Ölkədə də bu gündən başlayan hərəkətlilik qələbəyə qədər getdi. Kimisi ardı-arası kəsilməyən dəniz dalğaları kimi ön cəbhəyə doğru addımlayır, kimisi şəhid ailəsinə başsağlığı vermək üçün üz tutur, kimisi də orduya yardım etmək üçün can atırdı. İnanıram ki, birinci gündən sonuncu günə kimi hər kəsin dilində dua,gözündə yaş ,üzündə təbəssüm hiss olunmuşdu. Çünki bu gündən etibarən, açılan hər sabah 44 gün müddətində sevincimizlə kədərimizi bir-birinə qarışdırmışdı. Bizim əsgərlər möhtəşəm bir tarix yazmışdılar. Bu da hər kəsin qəlbinə qürur və fəxarət gətirmişdi.

  Bu şərəfli vətən müharibəsi elə bir vəziyyət yaratdı ki, bütün dünyanın diqqəti ölkəmizə yönəldi. O gün biz qalib və məğrur xalq kimi bütün kədərimizi qəlbimizdə gizlədib sevincimizlə dünyaya birliyimizi,gücümüzü, vəhdətimizi göstərdik. Ağrı-acısıyla öz yarasını özü sağalda bilən, bütöv bir xalqı layiqincə dünyaya təqdim edə bildik. Artıq kimdənsə, kömək diləyib mədəd ummuruq. Bu gün hər kəs başa düşür ki, bu xalqın dostu, bu xalqa ürəyi yanan elə bu xalqın özüdür. 30 il edilən səbir, yaradılmış atəşkəs heç bir nəticə verməmişdi. Mövcud problemlər həll olunmurdu, danışıqlar baş tutmurdu, haqq-ədalət öz yerini tapmırdı. ATƏT, BMT kimi böyük təşkilatlar öz missiyalarını yerinə yetirməyi bacarmırdılar. Allaha şükürlər olsun, Azərbaycan hakimiyyəti də inandı ki, şəhid vermədən torpaqları azad edə bilmərik. Qarabağın azadlığına yaradılan maneələri ordunun gücüyla dağıda bilərik. Hər zaman dediyimiz kimi hüququn, qanunların işləmədiyi bir yerdə ədalət yalnız güclü ordunun, qəhrəman oğulların  əli ilə bərpa edilə bilər. Bu gün Azərbaycan ordusu zülmə qarşı vuruşdu, məsum, pak torpaqlar erməni məhkumluğundan azad oldu. Allahın izni ilə başlanan bu müharibə əsgərin əzmi sayəsində düşmənin içində qorxu yaratdı, onu geri çəkilməyə məcbur etdi. Qazanılan hər bir qələbə xalqa özünəgüvən, yeni ümidlər, yeni baxışlar bəxş etdi. 30 ildən sonra əgər biz qələbə qazanmışıqsa, Allahın iznilə bunu şəhidlərimizin tökülən qanına, mübariz əsgərlərimizin əzminə, xalqın qətiyyətinə, vəhdətinə borcluyuq, hansısa hüquqi təşkilatların, diplomatların danışıqlarına yox. Bizim şəhidlər öz qanları ilə tarix yazdılar. Bizim şəhidlər haqdan, hüquqdan, ədalətdən danışıb lakin heç bir iş görməyən BMT-yə də dərs verdilər. Müsəlman torpaqlarının işğalından, günahsız körpələrin qətlindən xəbərdar olan, dağıdılan Allah evlərini, donuzxanaya çevrilən məscidləri görüb qarşısını almaq üçün hərəkətə keçməyib susan müsəlman ölkələrinin də abrını bizim şəhidlərimiz qəhrəmanlıqları ilə qorudular. Buna görə də bizim hər bir əsgərimiz, hər bir şəhidimiz qürur yerimizdirlər. Bizim şəhidlərimiz ölmədilər, əbədiliyə qovuşdular.  Eyni ilə, şəhidlər ağası Hz.Hüseyn kimi. Onlar torpaqları azad etdilər, özləri isə yüksək məqama yüksədilər. Şəhidlərimiz bizlərdən ayrılsalar da, özlərinə ən gözəl məkanı-Cənnəti seçdilər. Tarix boyu bu torpaqları dəyərli edən şəhid qanıdır. Bu torpaqları şərəfli edən onların davasıdır. Bu yerlərin hər yerində onları yaşatmaq lazımdır. Biz onları yaşadaq ki, vətənimiz, xalqımız, Azərbaycanımız yaşasın. Allah bizlərə vətən uğrunda canını qurban verən şəhidlərin yolunu davam etdirməyi nəsib etsin. Amin