“Taliban” tezliklə qızların məktəbə getməsinə icazə verəcək

Az.shafaqna.com “Associated Press”-ə istinadən xəbər verir ki, “Taliban” tezliklə qızlara orta məktəbə getməyə icazə verəcəyinə dair söz verib.

Bu barədə UNICEF rəsmisi Ömər Əbdi bildirib. Əbdi ötən həftə Kabilə səfər etmişdi.

Onun sözlərinə görə, “Taliban”-ın təyin etdiyi səhiyyə naziri BMT rəsmisini inandırıb ki, “Taliban” bütün qızlara 6-cı sinifdən sonra təhsillərini davam etdirməyə imkan verən “çərçivə prinsipləri” üzərində çalışır. Həmin “prinsiplər” 1-2 ay ərzində dərc edilməlidir.

“İndi – mən sizinlə danışarkən orta məktəb yaşındakı milyonlarla qız 27-ci gündür ardarda təhsil almır”, – deyə Əbdi qeyd edib.

“Gözlədiyimiz hər bir gün məktəbə getməyən qızlar üçün itirilmiş bir gündür”, – deyə o əlavə edib.

BMT rəsmisi deyib ki, Əfqanıstanın 34 əyalətindən 5-i – Bəlx, Cauzcan, Səmənqan, Qunduz və Uruzqan artıq qızların orta məktəbə getməsinə icazə verib.