Tale Bağırzadə inanclıların təzyiqə məruz qalmasına etiraz etdi

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə son günlər inanclıların təzyiqə və işgəncəyə məruz qalması səbəbi ilə bəyanat yayıb.

 

Rakurs.tv-yə daxil olan bəyanatı olduğu kimi təqdim edirik: 

 

"Hakimiyyətin məscidləri, dini ibadət ocaqlarını açmaq, inanclılara şərait yaratmaq əvəzinə evlərdə ibadətə toplaşanlara qarşı amansız davranış heç bir normativə sığmır. Əhya gecəsinə toplaşanlara qarşı polislər tərəfindən sərt müdaxilə, məclis iştirakçılarının polis idarəsinə aparlması, orada onlara fiziki zor göstərilməsi (3 may tarixində) azğınlaşmış siyasətin bariz nümunəsidir. Elçin Qasımov da daxil olmaqla saxlanılanlara işgəncə vermək, huşunu itirənə qədər onları əzmək bütün normaların aşılması deməkdir. 

 

Biz normal düşüncəsini itirmiş bu işin əmrini verən istənilən məmura bir daha xəbərdarlıq edirik. Sizin şüursuz addımlarınız, özünüzü yandıracaq bir odun alışmasına gətirib çıxaran ən səhv hərəkətiniz olacaq. Dövlətin güc strukturu rəhbərliyindən isə bu şərəfsiz hərəkətin əmrini verən şəxslərin cəzalandırılmasını tələb edirik".

 

Tale Bağırzadə.

 

Müsəlman Birliyi Hərəkatının sədri.

 

Qobustan həbsxanası.

 

06.05.2021.