Sülhəddin Əkbər: Azərbaycana atılan "İsgəndər" raketlərində adi başlıq olub

Ukraynalı ekspert: "Ruslar partlayıcı olmayan raketlərlə Şuşanı vurublar"

Ermənistanın II Qarabağ savaşında “İsgəndər” raketindən istifadə etməsi barədə xəbərlər yenidən gündəmə gəlib.

Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Şuşaya “İsgəndər” raketlərinin atıldığını deyib.

Sosial şəbəkə və mediada ANAMA-ya istinadən raketin qalıqları da yayılıb.

Ötən ay Ermənistan rəsmilərinin, konkret olaraq Baş nazir Nikol Paşinyanın bu barədə açıqlaması Rusiya tərəfindən təkzib olundu. Ardınca, İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında adıçəkilən raketin atılmadığını söylədi.

Bu baxımdan ANAMA-nin açıqlaması növbəti müzakirəyə rəvac verib. Amma Putinin mətbuat katibi Peskov bu dəfə də təkzib açıqlaması yayıb.

Yayılan xəbərlərdə qeyd edilir ki, Rusiyanın Ermənistana verdiyi “E” tipli deyil, “M”, yəni modifikasiya olunmuş və ixrac üçün nəzərdə tutulmayan tipdə olması bu məsələ ətrafında tamamilə yeni situasiyanın yaranmasına səbəb olub.

Caliber.az saytına müsahibəsində adı açıqlanmayan ANAMA rəsmisi bildirib ki, onlar bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəliblər: "2021-ci il martın 15-də qurumun əməkdaşları tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib. Raket qalıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45'38.10"N 46°44'33.90"E və 39°45'27.80"N 46°45'25.80"E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların "İskəndər" raket sisteminə aid olduğu müəyyən edilib".

Azərbaycan Müdafiə Nazirliyi “Turan” informasiya agentliyinin "İsgəndər" raketlərinin Şuşaya Rusiya, yoxsa Ermənistan tərəfindən atması ilə bağlı sualına cavab verməyib.

Nazirliyin mətbuat xidməti sualları ANAMA-ya ünvanlamağı tövsiyə edib.

Agentliyin qərargah rəisi İdris İsmayılov bildirib ki, raketlərin qalıqları onun özü tərəfindən Şuşada, biri şəhərin yaşayış evlərinin kənarında, digəri mərkəzdə, ermənilərin təmtəraqlı inauqurasiya keçirdiyi binanın yanında tapılıb”.

"Raketlərin qalıqlarının Bakıya gətirilib insanlara göstərilməsinə yuxarıdan rəhbərlik qərar verib. Qalıqların neçə müddət Bakıda qalacağı barədə məlumatım yoxdur. Ehtimal edirik ki, iki raketin qalıqlarıdır. Onlar partlayaraq dağılıblar. Raketlərin atılmasından xeyli vaxt keçdiyinə görə barıt hissəcikləri tapılmayıb", - deyə İsmayılov qeyd edib.

Ukraynalı ekspert Aleksandr Arestoviç isə raketlərin Rusiya qüvvələri tərəfindən Şuşaya bilərəkdən atıldığını deyib.

O hesab edir ki, raketkər partlamayıb, ruslar "bolvanka", yəni partlayıcı olmayan raketlərlə Şuşanı vuraraq, hədəfi dəqiq müəyyən etmək istəyib.

Amerikalı politoloq Pol Qobl bildirib ki, Moskva Ermənistandakı bazasından bu raketləri Azərbaycana atmağı əmr etsəydi, bu, müharibə aktı olardı. Bu halda Bakı necə reaksiya verəcəyinə qərar verməlidir: “Bu, şübhəsiz ki, Moskva və Bakı arasındakı münasibətləri pozardı, Azərbaycanın Rusiyanın niyyətlərinə daha çox şübhə ilə yanaşmasına, eləcə də Ermənistana qarşı əməliyyatlara daha çox hazır olmasına gətirib çıxarardı”.

Deputat Fazil Mustafa hesab edir ki, Ermənistanın müharibədə Azərbaycana “İsgəndər” raketləri atıb: “Sadəcə, izi itirmək üçün belə açıqlama verirlər, həm Rusiya, həm də Ermənistan. Çünki ortada sübut var, raketin qalıqları tapılıb”.

 

F.Mustafa Azərbaycan İlham Əliyevin raketlərin atılmadığı barədə dediklərini belə şərh edib:

“Prezident indiki vəziyyətdə bu məsələ ətrafında müzakirə və mübahisələrin açılmasına yox, daha çox uzlaşma mövqeyi tutur. Yəni hər hansı bir şəkildə 10 noyabr bəyanatının işləməsi üçün çox sərt münasibət ortaya qoymur. Amma ANAMA-nin açıqlaması reallığı əks etdirir və bu, bir iddiadır, biz də bunun dəqiqliyini bilmirik. Bununla belə, mən bu iddianın ağlabatan olduğunu düşünürəm. Ölkə prezidenti dövlətlərarası münasibətə görə fərqli mülahizə irəli sürür. Ancaq ANAMA-nin açıqlaması var və mən də Ermənistanın raketi atdığını düşünürəm”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyir ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın və Baş naziri Nikol Paşinyanın açıqlamalarını, nəhayət, ANAMA-nin ortaya qoyduğu son dəlilləri nəzərə aldıqda, həmin raketdən istifadə olunduğunu demək mümkündür.

“Açığı, bununla bağlı kəşfiyyat informasiyaları var idi. Mən də böyük ehtimalla demişəm ki, Bakı üzərində vurulan “İsgəndər” raketi olub. Düzdür, bu haqda sübut ortaya qoyulmayıb. Amma məncə, o da “İsgəndər” raketi idi. İstifadə olunmasaydı, Baş nazir Paşinyan deyərdi ki, raketi atdıq, 10 faizi partladı? Bunu adi riyazi təfəkkürü olan adam bilir. Görünür, çox sayda istifadə olunub ki, onun da 10 faizindən söhbət gedir”, - Sülhəddin Əkbər deyib.

Onun sözlərinə görə, Ermənistanın istifadə etdiyi "İsgəndər" raketinin nüvə başlığı daşıması ilə bağlı söylənənlər real deyil: “Adi başlıq olub, ANAMA-nin məlumatına görə onlar da partlayıb”.

O, İlham Əliyevin Azərbaycana "İsgəndər" raketlərinin atılmasını təkzib etməsinə belə münasibət bildirib: "Obyektiv yanaşılsa, o vaxt hökumətin əlində sübut olmayıb. Amma ANAMA-nin əldə etdiyi artıq sübutdur. Yaxud sübut olub, Rusiyaya qapalı kanallarla bildirilib, skandal olmasını istəməyiblər”.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayılıb.

Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq.

İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcək.