Sərhəddə gərginlik, Ermənistana xəbərdarlıq

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Azərbaycan-Ermənistan sərhədində, Zəngilan rayonunun Seyidlər kəndində yerləşən bölmələr, eləcə də Ermənistan tərəfdə xidmət aparan Rusiya sərhədçilərinin mövqeləri aprelin 21-i axşam saatlarında atəşə tutulub: “Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili olduqlarını bildirib, hadisəyə reaksiya verilməməsini xahiş ediblər. Azərbaycan sərhədçiləri təmkin nümayiş etdirib, cavab atəşi açmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırıldığı bildirilib.

Həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobillə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndirib.

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda ən kəskin cavab tədbirləri görüləcək”.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində ərazilərin böyük qismi azad edilib. Hazırda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən Azərbaycanın nəzarətindədir.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.