Son dəfə şam yeyənlərə tövsiyəmiz

Son şam yeməyi ətrafında yaranan qalmaqal təkcə sonuncu dəfə şam yeyənləri narahat etmədi, mövzu bu məclisin qurulması və iştirakçılarının da qatıldığı məclisi tənqidə məruz qoydu. Söhbətimiz son günlər dini camiədə böyük müzakirəyə səbəb olan “Sonuncu şam yeməyi” filmi barəsindəndir. Film yetərincə təhlil olunub və bəyənən, tənqid edənlər də bu barədə aydın dəlillərlə çıxış edib və elə bilirəm hələ də edəcək. Ona görə də, bu yazıda tənqidçilərdən və tərifçilərdən fərqli olaraq, yaradıcı heyətə fərqli yanaşma tövsiyəsi ilə çıxış etmək istədim.
Filmlər müasir Azərbaycanın mədəni sahədə inkişafına təkandır və hələ müstəqilliyimizin bərpası gənc olduğu üçün filmlərdə də gənclik, təcrübəsizlik nümayiş etdirir. Xüsusi olaraq, dünya film sahəsinə istiqamət alan bu sahənin mütəxəssisləri eyni rəngi mədəniyyətimizə daşımaqla bunu inkişaf amili hesab etmələri də diqqət çəkir. Buna görə də, mövcud fikirlərə qayıdışı özümüzə borc bilib bu barədə çalışan mütəxəssislərə vətənini sevən inanclı gənclər adından tövsiyəmiz:
Öncə film düşündürür, elə komediya da. Söyüş, təhqir təlxək görüntü ikrah yaradır. Film dəyərləri qoruyur, onu zərbə altına qoymur. Film əqidəni yüksəldir, onu nümayiş etdirənin səviyyəsinə endirmir. Film rəğbət qazanır, nifrət mənbəyi olmur.
Şübhəsiz "film haqqında mütəxəssis danışmalıdır" deyilən fikir düzdür deyə film haqqında bundan artıq danışmaq fikrim yoxdur. Ancaq, "elə din haqqında da ilahiyyatçı danışmalıdır, hər yoldan ötən yox" məntiqi də eyni qaydadır. 
Film mütəxəssislərinə gəlincə, tənqid haqqında bəzi məqamları diqqətdən qaçırıb. Tənqid İlahi dəyərlərə yox, onu yanlış icra edənlərə olmalıdır. Əgər Novruz bayramında səviyyəsinə müvafiq keçəl başını yumurta döyüşdürmək üçün hədəf edirsə, bunun üçün bayram yox, səviyyəsiz aktyor hədəfə alınmalıdır. Bu o zaman baş verir ki, yanaşan qərəzsiz olur. Film boyu səslənən sətirlər mövzunun qərəzindən xəbər verir. Elə bilirəm əziz valideynlərini dəfnə yola salan bu cəm onu meyxana üstə, altdarını yandıraraq göndərməkdən zərbə aldıqları üçün də bu hadisənin acısını bu cür təzahür ediblər. 
Son olaraq: Əzizlər, tənqid gözəldir, ancaq ölkədə din adı altında neqativ mənfiliklərdən öncə o qədər çəkiləsi mövzular var ki, cəsarətli olub yuxarıdan aşağı problemləri sadalayıb çəkməniz doğru olar. Milyardları oğurlayan məmurlardan, narko diller, əxlaqsız evləri saxlayan əhəmiyyətli simalar, katibəsinə əl uzadan, rayonlarda vətəndaşları istismar edən oğru icra başçıları, cinayətkar Hacı Məmmədov kimi killerlər, Ata Abdullayevlər, keçmiş Milli Qəhrəman Rövşən Əkbərovlar, neçə-neçə milyardlar oğurlayıb həbslərdə yatan və həbsi zəruri olanlar, karrupsionerlər, manapolistlər və sairlər gülüş hədəfinə alına bilər ki, buradan başlayıb həqiqi qərəzsiz filmləriniz sizi xalqa sevdirə bilər. Bu da bizim tövsiyəmiz.

 

Fərhad Mirzə.