Soçidə Putinin Əliyev və Paşinyanla danışıqları başlayıb

Turan: Soçidə noyabrın 26-da axşam Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin, eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyanın üçtərəfli danışıqları başlayıb.

Görüşü açan Putin Azərbaycan və Ermənistan liderlərinə onun dəvətini qəbul etdiklərinə görə təşəkkürünü bildirib və ötən ilə yekun vurmalı olduqlarını deyib.

İlham Əliyev Rusiya sülhməramlılarının və bütünlükdə Rusiyanın regionda fəaliyyətini yüksək qiymətləndirib, ötən il ərzində Qarabağda ciddi insidentlər olmadığını qeyd edib. "Azərbaycan-Ermənistan sərhədi haqqında bunu demək olmaz, amma bu, bir qədər fərqlidir", deyə o bildirib.

Əliyev deyib ki, ümumilikdə regionda vəziyyət sabit olaraq qalır. İl ərzində həll edilməsi mümkün olmayan prioritetlər arasında o, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini qeyd edib.

"Bu məsələləri həll etdikdən sonra sülh müqaviləsi üzərində işə başlaya, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıya bilərdik", deyə Əliyev bildirib.

Öz növbəsində, Paşinyan vəziyyətin sabitliyi məsələsində Əliyevlə razı olmadığını bildirib. Belə ki, mayın 12-dən Azərbaycan SQ Ermənistan ərazisinə "nüfuz edib", bu da sərhəddə "böhrana" gətirib çıxarıb.

Paşinyan razılaşmaların bir çox bəndlərinin həll edildiyi ilə də razı deyil. Xüsusən, "girovlar və saxlanılan şəxslər" məsələsi qalır, deyən Paşinyan "hərbi əsir" terminindən istifadə etməyib.

Ermənistan baş naziri sərhəddə delimitasiya və demarkasiya prosesinə başlamağa və kommunikasiyaların açılması məsələsini həll etməyə hazır olduğunu təsdiq edib.

Dağlıq Qarabağ nizamlanmasına gəlincə, Ermənistan ATƏT-in Misnk Qrupunda, habelə ikitərəfli səviyyədə müzakirələrin tərəfdarıdır.

Bununla əlaqədar o, Yerevanın Bakı ilə birbaşa əlaqələrə hazır olduğuna işarə edib. "Konkret həllərə başlamaq vacibdir", deyə Paşinyan bildirib.

Cavab olaraq Vladimir Putin kommunikasiyaların açılmasının prioritet olduğunu, bütün region ölkələrinin bunda maraqlı olduğunu, həmçinin delimitasiya və demarkasiyanın prioritet olduğunu, "bu barədə razılıq əldə edildiyini" deyib.

O, ölkələrin ikitərəfli əlaqələrə başlamağa habelə digər beynəlxalq meydanlarda əlaqələrə hazır olmasını alqışlayıb.