‘Səlim Müslümovla əlbir olmamışam’

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyev yarım milyon manatdan artıq rüşvət almaqda ittiham olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri, “Əjdər Ol” təxəllüsüylə tanınan şair Əjdər Cəbiyev yarım milyon manatdan artıq rüşvət almaqda ittiham olunur.

İddia edilir ki, o, keçmiş nazir Səlim Müslümovla əlbir olub, əlillər, şəhid ailələri üçün mənzillərin tikintisi zamanı külli miqdarda yeyintidə iştirak edib.

Cəbiyev 2021-ci ilin fevralında – sabiq nazir Səlim Müslümovdan az sonra həbs olunub.

“Onun heç nədən xəbəri olmayıb”

Yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi başlanıb. Məhkəmədə elan edilən ittiham aktında yazılıb ki, Cəbiyev 2013-2018-ci illərdə nazirliyin Aparat rəhbəri işləyib.

Bu müddətdə əlillər, şəhid ailələri üçün evlərin tikintisi zamanı, avadanlıqların alınması zamanı nazirliyin büdcəsindən lazım olduğundan daha artıq vəsait köçürülüb. Artıq məbləğ sonradan geri alınaraq mənimsənilib.

Cəbiyevə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda və qrup şəklində rüşvət alma kimi ittihamlar irəli sürülüb.

O, ittihamları qəbul edib, özünü təqsirli bilib.

“İstintaqda verdiyim ifadəni təsdiqləyirəm. Heç nəyə etiraz etmirəm. Yalnız onu demək istəyirəm ki, Səlim Müslümovla əlbir olmamışam, onun heç nədən xəbəri olmayıb. Əldə etdiyim pulları isə cari xərclərə yönləndirmişəm”, – Cəbiyev belə deyib.

2 min manatdan 120 min manatadək

Məhkəmədə şahid qismində dindirilən şəxslər Dövlət Sosial Müdafiə Fondunda, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müəyyən vəzifələrə təyin olunmaq üçün rüşvət vermələrindən danışıblar. Onlar iddia ediblər ki, Cəbiyevə 2 min manatdan 120 min manata qədər rüşvət verilib.

Məhkəmə prosesi yanvarın 19-da davam edəcək.

Cəbiyevin haqqında cinayət işi 2021-ci ilin dekabrında keçmiş nazir Müslümovun işindən ayrılaraq, məhkəməyə göndərilib. Yaxın vaxtlarda sabiq nazirin də işi üzrə istintaqın yekunlaşacağı gözlənilir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Cəbiyevə qarşı ittihamlarda 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosu