“Sizinlə bu günlərə gəlib çatmaq həqiqətən qürurvericidir”

Uşaqlıqda jurnalist olmaq ən böyük arzularımdan idi. Bilmirəm niyə, amma qəribə bir cazibəsi məni özünə hər zaman çəkirdi bu sənətin. Məktəbi bitirdikdən sonra arzularımı atamı istəyi ilə dəyişdim. Ali təhsil olaraq tam fərqli sahə seçdim. Bir il bu sahədə çalışdım da. Lakin anlayırdım ki, bu mən deyiləm. Həyat öz axarı ilə məni media sahəsinə gətirdi. Sevdiyim peşədə müxtəlif qəzetlər, media orqanlarında çalıışdım.

Müsəlman Birliyi Hərəkatı qurulmazdan öncə sizin idarə heyəti olaraq tanıdığınız bu dəyərli şəxslərlə münasibətimiz vardı. Lakin Hacı Tale Bağırzadənin hərəkat haqqında fikirləri və burada mənə olunan ehtimad həqiqətən də ağır və məsuliyyətli idi. Müsəlman Birliyi Hərəkatı məni sevdiyim peşədə fərqli bir baxışa dəvət edirdi. 

İllərin sonrakı gedişini az qala hamı izləyə bilib. 2015-ci yanvarın 13-də qurulan hərəkat 26-noyabr Nardaran hdisələrinə qədər bir çox inkişafa nail oldu. Bəlkə elə bu səbəb idi ki, hakimiyyətin ciddi hədəfində qanlı Nardaran olayı törədildi. Ardını da bilirsiz. Mən xəstəxanada ayılanda həkim və əməliyyatçıların “əbədi şikəst” kəlməsini eşitməm bu sahədə son xatirələrimin külü sayıla bilərdi.

Ancaq elə olmadı. Mən ruhuma məlhəm olan hər bir hərəkat üzvünün sonsuz sevgisi ilə nəinki yatağa məhkum əbədi əlil olmadım, əksinə, sizin hər birinizin tanıdığı mətbuat katibliyimi bu böyük sevginin, inam və dəstəyin sayəsində elə ilk gündəki kimi davam etdirə bildim. Onlar cismimi əlil etdi, ancaq hərəkatın ruhu varlığıma can verdi, məni sabahın mücadiləsində dayanmadan addımlamağa çağırdı. Doğmaların, əzizlərin, dostların, qardaşların məni yerimdən qaldıran sonsuz sevgiləri ilə. Bu gün yeddi yaşını qeyd etdiyim doğma evim Müsəlman Birliyi Hərəkatı və ona həmişə dəstəkçisi olan əzizilər. Sizinlə bu günə gəlib çatmaq həqiqətən də qürurvericidir. Hədəfimiz, məqsədimizi bilirsiz, qismət olsa bunu  gücdən düşənə qədər sizinlə davam etdirmək əzmindəyəm, əlbəttə Allahın lütfü ilə.

Hər birinizi növbəti ad günümüzdə təbrik edir, Allahdan yardım və uğur diləyirəm.

Əbülfəz Bunyadov.

MBH-nin idarə heyətinin üzvü.