Siyasi məhbusun vəziyyəti pisləşib

Operativ.tv xəbər verir ki, aclıq aksiyasının davam edən 17-ci günündə Abbas Hüseynin səhhətində ciddi problemlər yaşanıb. Bu barədə o özü, zəng vurarkən bildirib. Belə ki, aclığının 15-ci günündə Abbas Hüseyn səhər namazına qalxdığı zaman bir anlığa müvazinətini itirib. Gözləri qaralan Abbas yerə yıxılıb və başı ciddi zədələnib. Həbsxana rəhbərliyi tərəfindən həkim nəzarətinə alınan A. Hüseynə həkimlərin aclığı dayandıraraq müalicəyə ehtiyac duyulduğu deyilsə də, Abbas nə müalicəni, nə də aclığın dayandırılmasını qəbul etməyib. Ailə üzvlərinin söylədiyinə görə, səsi çox ağır gələn və halsızlıq səbəbindən güclə danışan siyasi məhbus günahkarların cəzalanmayacağı təqdirdə şəhadət aclığını davam etdirəcəyini bildirib.

Xatırladaq ki, 8 saylı qapalı rejimli cəzaçəkmə müəssisəsində saxlanılan Abbas Hüseyn Tale Bağırzadənin polis idarələrində işgəncələrlə bərabər Allahın təhqirinə etiraz olaraq iyunun 3-də başlatdığı aclıq aksiyasına iki gün sonra, iyunun 5-də qoşulub.