Şəhid və qazilərimizin boynumuza qoyduqları böyük haqq - Məqalə

Həbsxanadan azadlığa çıxan Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Vüsal Nadiroğlu məqalə ilə çıxış edib.

 

Operativ.tv sözügedən məqaləni təqdim edir:

 

 

"28 ildən sonra torpaqlarımız işğaldan azad edildi.Bu mühüm qələbə idi. Çünki bu torpaqlar bizim əzəli torpaqlarımızdır. Torpaq vətəndir, vətən isə anadır. Ana da namusdur, qeyrətdir.

 

Əziz İslam Peyğəmbəri (s) buyurur: "Vətəni sevmək imandandır".

İmam Əli(ə): "Ölkələr vətən sevgisi ilə abad olar".

Tarix boyu vətənin müdafiəsi uğrunda şəhid və qazilər olub. Düşmən olduğu müddətdə bu döyüşlər baş verəcək. Haqqla batilin mübarizəsi yaradılış nizamındandır.

"Qarabağ müsəlman torpağıdır, uğrunda ölənlər şəhiddir" deyə buyurub Ayətullah Seyid Əli Xamenei. Çünki bu torpaqlarda müsəlmanlar yaşayır, məscidlər var və Allahın buyurduğu şəriyyət hökmləri burada qorunub saxlanmaqdadır. Deməli bu torpaqlar bu baxımdan şərafət və dəyər tapıb. Bizim Azərbaycanımızı əcnəbi məmləkətlərdən fərqləndirən cəhət Peyğəmbər (s) və Əhli Beytinin(ə) nişanələrini özündə ehtiva etdirməsidir.

II Qarabağ savaşında 3 minə yaxın şəhidimiz oldu, 1500-ə yaxın vətən oğlu öz sağlamlığını itirərək Qazi oldu. Analar gözüyaşlı qaldı, övladlar atasız, ailələr başsız qaldı.
Belə olan halda bizim vəzifəmiz nədir?

Həqiqətən də böyük bir məsuliyyətlə üz-üzəyik. Artıq bu məmləkətdə addımlayarkən vətənin suyunu içərkən, çörəyini yeyərkən düşünməyə məcburuq. İdrak etməliyik ki, bizim ana-bacılarımızın rahat yaşaması üçün igidlər canlarından keçdilər. Bu asayişi biz onlara borcluyuq. Hər birimiz şəhid və qazilərimizə xüsusi həssaslıq göstərməliyik. Hər kəs öz vəzifəsini layiqincə yerinə yetirməlidir. Hər birimiz vətən torpağını göz bəbəyimiz kimi qorumalıyıq. Milli mənəvi dəyərlərimizi daim uca tutmalıyıq.

Milli birlik, milli özünə güvən, vəhdət, qarşılıqlı güzəşt xalqımız üçün proritet məsələ olmalıdır. Bütün bunlar bizi növbəti uğurlara qovuşduracaqdır.

Diqqətiniz üçün təşəkkür edirəm".