Şəhadət Heydərov: “İlahi əxlaq haqq əhlini sevmək və onların haqqlarını müdafiə etmək deməkdir”

Bakı şəhəri "İmam Ümmət" məscidinin imamcüməsi, ilahiyyatçı Hacı Seyid Şəhadət Heydərov bu həftə növbəti cümə namazını qılıb. İlahi əxlaq mövzusunu davam etdirən ilahiyyatçı bu həftə də mövzunun incəliklərinə işarə vurub. İlahi əxlaqa olunan sevgini bu işdə olduqca əhəmiyyətli bilən xətib əxlaqın fikir baxımından praktiki mövcudluğunu Əhli-beytdə (ə) təcəssüm etdiyinə diqqət çəkib. Əgər insan Məsumlara sevgisini İlahi əxlaqa ünvan olaraq müəyyən etməsə digər sevgilərin təsirində arzu olunmayan əxlaqi xüsusiyyətləri özündə formalaşdıracaq ki, bu da əsla İlahi əxlaq olmayacaq deyə o bildirib. Sevginin qoyduğu təsirin yaratdığı çevrilmənin əhəmiyyətindən danışan ilahiyyatçı, Quranın simasında sevilməsi vacib olan şəxsləri tanıma baxımından Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) seçilməsini əslində İlahi əxlaq kimi analiz edib. “Şübhəsiz, bu sevgi ardınca Əhli-beytin (ə) davranışında diqqətə gələn özəlliklərin də şəxsdə görünməsi xüsusunu yaradacaq. Bu özəlliklər içində Allah bəndələrinə sevgi çox əhəmiyyətlidir. Biz Məsumların davranışına diqqət edəndə Allah bəndələrinə qarşı sevgi, qayğı, onların çətinliklərində yardımları, müdafiəyə ehtiyacları olduqları zaman onlara öz kömək əllərini uzatmalarını müşahidə edirik. Şübhəsiz, İlahi əxlaqa yiyələnmə istəyib Məsumları sevən şəxs bu simada onların addımlarının davamçısı olmalıdır. Hər bir İlahi əxlaqa mənub olmaq istəyən şəxs insanları sevməli, onların yardımında olmalıdır. Hədisdə incələnən insanların ümumi yanaşımına əlavə olaraq xüsusi diqqət tələb edən mömin şəxslərin hər bir müsəlmanın boynundakı vəzifəsi onu təkcə sevməklə məhdudlaşdırmır, onun müdafiəsində, çətinliyinin həllində də olduqca diqqətli və ciddi cəhd göstərməsini ondan tələb edir. Bu İlahi əxlaqın yaratdığı özəlliklərdən biridir” İlahiyyatçı gələn cümələrdə İlahi əxlaq mövzusunu davam etdirərək bu xüsusda zəruri olan məqamlara toxunacağını bildirərək sonunda vətən şəhidlərinin ruhuna dualar oxumaqla çıxışını bitirib.