Şəhadət Heydərov: "Cənnət məsumların məqsədi deyil, mənzilidir"

 

Bakı şəhəri "İmam Ümmət" məscidinin imamcüməsi, ilahiyyatçı Hacı Seyid Şəhadət Heydərov bu həftə növbəti cümə namazını qılıb. O, Allaha görə yaşamağın məqsəd olması üzərində söhbətini quraraq bu dəfəki cümə namazını insanlığın maddi düşüncədə yaşamasına diqqət çəkib. Baxışları dünya həyatı ilə məhdudlaşan insanın belə bir təfəkkürdə yalnız ziyana uğrayacağını bildirərək o, bunun həqiqətini dərk etmək üçün hər bir insanı yaşadığı günündə təfəkkürə dəvət edib: “Bəzən bizə elə gəlir ki, ömrümüzü Allah üçün yaşayırıq, ancaq kiçik imthan irəli gələndə varlığımızın dünyaya bağlı telləri bütün düşüncələrimizi alt-üst edir. Üzdə görüntü gözəl rənglərə salına bilər. Lakin daxildə sevgi, arzu, istəklər insanın həqiqətini təşkil edir. Bunu isə insan özü bir neçə dəqiqə Allahla baş-başa qalıb hal-hazırkı vəziyyətini müəyyən edə bilər. Özünü müsbət keyfiyyətli, gördüyü əməlləri yaxşı bilən bir çox insanlar əməllərin zahirinə diqqət etməklə gəldikləri qənaət yanlışdır. Çoxlarının daxilində fironluq hissi var, lakin onun misiri yoxdur ki, onun fironu üzə çıxsın. İlk fürsət özünü nümayiş etdirən kimi daxildə gizlənən həqiqət üzə çıxır”-deyə ilahiyyatçı bildirib.

Seyid Şəhadət Əhli-beytin (ə) həyat tərzinə diqqət çəkərək nəinki dünya, hətta cənnətin belə onlar üçün hədəf olmadığını söyləyib. O, Allahın razılığını qazanmaq və İlahi hədəflərə doğru durmadan çalışan bu ali varlıqların insanlığa aydın cığır açdığına nümunələr çəkib. Yalnız bu xətt üzərində yaşayan şəxslərin dünya və axirət səadəti əldə etməsinin mümkünlüyünü vurğulayan ilahiyyatçı hər kəsi bu istiqamətdə düşüncəyə dəvət edib.

Xütbəsinin sonunda o, il dönümü yaşanan vətən şəhidlərinin ruhuna dualar oxuyub.