Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub - YENİLƏNİB

 

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edilib ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

 

 

*************************************

 

Operativ.tv APA-ya istinadən xəbər verir ki, Şabranın Xəlfələr kəndinə ötən gün başlayan yanğın artıq 6 kəndə yayılıb.
Bunu Şabran Rayon Fövqəladə Hallar Komissiyasının sədri İlkin Ağayev açıqlamasında bildirib.

“Ən çox ziyan Dağbilici kəndinə dəyib. Burda bir ev tam yanıb digər iki yardımçı tikilidə yanğın baş verib”,- deyə o bildirib.

İlkin Ağayevin sözlərinə görə, hazırda yanğınla bağlı bütün qabaqlayıcı tədbirlər görülüb, kənd ərazisindəki evlərə təhlükə yoxdur.

Yanğın kol-kos olan ərazilərdə hələ də davam edir.