Rusiyanın Çinə qaz və kömür ixracı rekord həddə çatıb

Rusiya səfirliyi ölkədən Çinə kömür və təbii qaz ixracının ötən avqustda tarixi rekorda çatdığını bildirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Pekindəki səfirliyi məlumat yayıb.

"Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, avqust ayında Çin Rusiyadan ümumilikdə 409,37 milyon ABŞ dolları həcmində təbii qaz idxal edib. Bu rəqəm 2017-ci ilin yanvarından bəri ən yüksək göstəricidir", deyə Rusiya Səfirliyinin bəyanatında bildirilib.

Avqustda həmçinin kömür ixracı da 8,542 milyon tona çataraq son beş ilin ən yüksək rəqəmini qeydə alıb.

Çin gömrüyünə görə, daşımalar iyul ayı ilə müqayisədə 15% artıb, illik artım isə 57%-ə çatıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra Çinlə ticarətin həcminin 200 milyard dollara yaxınlaşdığını, bu il isə 180-190 milyard dollar arasında olacağını bildirib.