Rusiyada müxalifət siyasətçilərin həbsinə və təqibinə başlanılıb

Bu gün səhər Rusiya polisi müxalif siyasətçi və Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovun və onun bir neçə qohumunun evində axtarış aparıb. 

BBC-nin rus xidməti axtarışların səbəbinin məlum olmadığını bildirir. 

“Mənim Kolomna ətrafındakı bağ evimdə axtarış aparılır”, - Qudkov özünün teleqram kanalında yazıb. 

Keçmiş deputat həmçinin bildirib ki, qərargahının rəisi Vitali Venediktovun və keçmiş köməkçisi, “Açıq Rusiya” hərəkatının keçmiş prezidenti Aleksandr Solovyovun evində də axtarış gedir. “Formal səbəb mənə məlum deyil. Gerçək səbəb isə aydındır”, - deyə Qudkov qeyd edib. 

Solovyovun vəkili Gennadi Fyodrov isə açıqlamasında bildirib ki, “guya 2015-2017-ci illərdə qeyri-yaşayış yerinin icarəsi müqaviləsi üzrə borcun ödənilməməsi” işi üzrə aparılıb. 

Vəkil bildirib ki, Solovyov bu iş üzrə şahid statusundadır.  Dmitri Qudkovun atası, Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkovun açıqlamasına görə, bağ evindəki axtarışı OMON aparır. Axtarış aparılan vaxt onun ərazidə olan qohumlarının hamısının telefonları söndürülüb. 

Dünən polis Sankt-Peterburq şəhərinin Pulkovo hava limanında “Açıq Rusiya” Partiyasının keçmiş icraçı direktoru Andrey Pivovarovu da saxlamışdı. BBC-nin məlumatına görə, siyasətçi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 284.1 maddəsi üzrə (arzuolunmaz təşkilatın fəaliyyətini həyata keçirmək) həbs edilib. 

Mixail Xodorkovski tərəfindən yaradılan “Açıq Rusiya” hərəkatı ötən həftə öz fəaliyyətini dayandırdığını və regionlardakı şöbələrini bağladığını elan etmişdi. BBC-nin məlumatına görə, bu addım hökumətin arzuolunmaz təşkilatlar haqqında qanunu sərtləşdirməsi ilə bağlı olub. 

Rusiyanın Baş prokurorluğu 2017-ci ildə “Açıq Rusiya”nı arzuolunmaz təşkilatlar siyahısına salıb, amma o, qadağan edilməyib. Bununla belə, hərəkatın fəallarına qarşı təqiblər başlayıb.