Rəsmi Beyrut: Hərbçilərə atəş açmaq əmri verilib

Livan ordusu qarşıdurmaların və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün Beyrut küçələrində keşik çəkir. Hərbçilərə silahlı insanlara atəş açmaq üçün əmr də verilib. Məlumatı Euronews-a istinadən Operativ.tv-yayıb.

Cümə axşamı günü baş verən atışma nəticəsində ən azı 6 nəfər həlak olub. Naməlum şəxslər "Hizbullah" və "Amal" şiə qruplarının nümayiş iştirakçılarına atəş açıblar. Onlar Beyrut limanında baş verən fəlakətli partlayışı mühakimə edən hakimin istefasının tələbi ilə aksiya keçirirmişlər. Nümayiş iştirakçıları hakimin siyasi cəhətdən qərəzli olduğuna və hər şeydə şiələri günahlandırmaq niyyətində olduğuna inanırlar.

Şiələr şiddətin artmasına görə sağ xristian hərəkatı Livan Qüvvələrinin nümayəndələrini ittiham edir. Ölkə səlahiyyətliləri hadisəni araşdıracağına və günahkarları tapacaqlarına söz verir.

Livan Prezidenti Michel Aoun: "Mən istintaqın həqiqəti üzə çıxarmasını təmin edəcəyəm, bunun arxasında duranları məsuliyyətə cəlb etməliyik. Limanda baş verən partlayışla bağlı cinayət işi də daxil olmaqla, bütün digərləri kimi bu araşdırma da mənim üçün prioritet olub və olacaq. Bunlar Livan və dünya ictimaiyyəti qarşısında məsuliyyətimdir" -deyə o bildirib.

Şiələr və xristianlar arasındakı qarşıdurmanı müşahidəçilər çox təhlükəli bir simptom hesab edirlər. BMT Livanı zorakılıq və təxribatlardan çəkinməyə çağırıb. Baş katibin ofisi hadisələrdən "dərin narahatlıq" ifadə edib.

BMT baş katibinin sözçüsü Stephane Dujarrick Livan xüsusi koordinatoru Yoanna Vronetskaya şiddətə cavab olaraq silahların icazəsiz istifadəsini qınayıb, təmkinli olmağın, sakitliyin və sabitliyin qorunmasının, həmçinin mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.

Limanda partlayışdan sonra Livan ciddi sosial-iqtisadi böhran, mal və resursların xroniki çatışmazlığı şəraitində yaşayır. Bir həftə əvvəl isə elektrik stansiyalarında yanacaq tükəndiyindən bütün ölkə bir gün işıqsız qaldı.