Rəsmi Bakı Ermənistandakı seçkilərə reaksiya verdi

"Ümid edirik ki, Ermənistan böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq"

Rəsmi Bakı Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri barədə münasibət bildirib.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də Bakıda səfərdə olan Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşdən sonra keçirilən brifinqdə danışıb.

"Ümid edirik ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq", - deyə Ceyhun Bayramov qeyd edib.

O deyib ki, bir çoxu böhrana səbəb kimi müharibədəki məğlubiyyəti göstərir: “Dərin böhrana Ermənistanın on illiklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin tanınmış sərhədlərini güc yolu dəyişdirməsi, təcavüz siyasətini həyata keçirməsi səbəb olub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasına tərəfdardır. Ermənistanın bu sahədəki qərarı öz seçimidir”.

Ceyhun Bayramov Qarabağla bağlı üçtərəfli bəyanatın bəzi müddəalarının icrasının gecikdiyini deyib: “Ermənistanın mina xəritələrini təqdim etməməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan bir müddət əvvəl beynəlxalq vasitəçilərin iştirakı ilə Ağdam üzrə mina xəritələrini təqdim edib. Təkcə bir rayonda minaların sayı 97 mindir. Bu, mina təhlükəsinin hansı səviyyədə olduğunu göstərir”.