REAL fəalı yenidən 30 gün müddətinə həbs edilib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, "Respublikaçı Alternativ" (ReAl) partiyasının üzvü Elnur Şahverdiyev 30 gün cəza çəkdikdən sonra yenidən inzibati qaydada 30 gün müddətinə həbs edilib. Qardaşı Ramin Şahverdiyevin Turan-a verdiyi məlumata görə, Elnur ilk dəfə iyulun 14-də saxlanılıb. "Həmin vaxt mülki geyimli şəxslər onun işlədiyi çörəkbişirmə sexinə gəliblər, "alıcıdan şikayət olduğunu" bildirərək Elnuru yerə yıxıblar, qollarını burub aparıblar.

Sonradan Astara rayon məhkəməsi onu "polisə tabe olmamağa" görə 30 gün inzibati həbsə məhkum edib", deyə qardaşı bildirib. Onun fikrincə, Elnuru facebook-dakı nəşrlərinə görə təqib edirlər, belə ki, saxlanıldıqdan sonra onun mayın 25-dən iyulun 14-nə qədər olan bütün postları silinib.

Avqustun 14-də həbs müddəti başa çatıb, amma fəal azad edilməyib. Astara rayon məhkəməsi onu narkotik ittihamı ilə yenidən 30 gün müddətinə həbs edib.

ReAl Partiyası Elnur Şahverdiyevin həbsini pisləyib, onun facebook-da tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirib.