Ərəb turistlərin şahin ovu nə dərəcədə qanunidir?

Azərbaycan Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi göyərçinlərlə rəhmsiz rəftara görə ərəb turistləri cərimələyib. Ekologiya Nazirliyinin saytında yer alan məlumata görə, bu fakt Qax rayonunun Acınohur ərazisində (Bakıdan 379 kilometr şimal-qərb) monitorinq zamanı aşkarlanıb.

“Aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun Acınohur ərazisində (Bakıdan 379 kilometr şimal-qərb) mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb. Təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub”, deyə Ekologiya Nazirliyinin Ekoloji təhlükəsizlik xidmətinin rəhbəri Hikmət Əlizadə bildirib.

Nazirlik turistlərin adlarını və cərimə məbləğlərini açıqlamır.

Öz növbəsində, eko-aktivist Cavid Qara ərəb turistlərinin göyərçinləri drona bağlayıb şahinlərin yeminə çevirməsi hadisəsini, ərəb turistlərin qoruq ərazisində ov düşərgəsi qurmasını əks etdirdiyi bildirilən video yayıb.

Fəal qeyd edir ki, ov mövsümü bitib və hakimiyyət əcnəbilərin bu hərəkətlərini izah etməlidir. Bu hadisə həm də ona görə çoxsaylı suallar doğurur ki, ölkədə karantin rejimi davam edir, dronlardan istifadə isə ciddi şəkildə nizamlanır. Ekologiya Nazirliyi bütün bu suallara cavab vermir.

Qeyri-rəsmi məlumatlara görə, ərəb turistlər yüksək vəzifəli hökumət məmurlarının qonaqlarıdır. Onlar vaxtaşırı öz şahinləri ilə buraya gəlirlər və onların sevimli ov obyekti nadir növlərdən olan bəzgək quşudur.

Bir neçə il əvvəl Dubay şeyxi Rəşid Əl Məktum özü oğullarından biri və çoxsaylı məiyyəti ilə birlikdə Azərbaycana bəzgək ovuna gəlmişdi.