Qoruyucu maskalarla bağlı əhaliyə xəbərdarlıq edildi

"Standartların tələblərinə görə tibbi maskaların əsas xususiyyətləri onun bakterial filtrasiya effektivliyi, maskanın hava keçiriciliyi və mikrobioloji təmizliyidir. Maska istifadəçinin burun, ağız və çənəsinə eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır".

 

Bu barədə dekabrın 25-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

 

Dövlət Xidmətinin əhaliyə müraciətində deyilir: 

 

"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılara tövsiyyə edir ki, qoruyucu maskalar alarkən satıcıdan onun mənşəyi barədə məlumatları və təhlükəsizliyini təsdiq edən müvafiq sertifikatlarını tələb etsinlər. İstehlakçılar mənşəyi məlum olmayan, sertifikatlaşdırılmayan qoruyucu maskaların satışı ilə qarşılaşdıqda Dövlət Xidmətə müraciət edə bilərlər. Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bu istiqamətdə aparılan monitorinqlər və nəzarət tədbirləri gücləndirilib.

 

Standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən bu tələblərə cavab verməyən malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur”.