Putin Zaporojye və Xerson vilayətlərinin “müstəqilliyinin” tanınması haqqında fərman imzalayıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin müstəqil ərazilər kimi “tanınması” haqqında fərman imzalayıb.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə hüquqi informasiyanın rəsmi internet portalında məlumat verilib.

Sənədlərə əsasən, Zaporojye və Xerson vilayətlərinin "dövlət suverenliyi və müstəqilliyi"nin tanınması qərara alınır. Fərmanlar imzalandığı gündən, sentyabrın 29-dan qüvvəyə minib.

Sənədlər regionların Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı növbəti rəsmi qərar üçün texniki rəsmiyyətdir.

Bundan əvvəl məlum olub ki, sentyabrın 30-da Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00) Rusiya prezidenti Vladimir Putin dörd ərazinin Rusiya Federasiyasının tərkibinə birləşdirilməsi haqqında sazişləri imzalayacaq.