Putin yeni işğala başlaya bilərmi? – “The Politico”

Operativ.tv "Novator.az" saytına istinadən ABŞ-ın “The Politico” nəşrində dərc olunmuş “Putin yeni işğala başlaya bilərmi?” başlıqlı məqaləni ingiliscədən çevirərək təqdim edir. Məqalənin müəllifi Amerika Sahibkarlıq İnstitutunun Rusiyaşünaslıq bölməsinin direktoru Leon Arondur. Leon Aron Rusiyanın sabiq prezidenti Boris Yeltsin haqda bioqrafik kitabın müəllifidir. O, Rusiyanın hazırkı prezidenti Vladimir Putinin gündəlik fəaliyyətini istiqamətləndirən ideallar, ideyalar və siyasi imperativlər haqda yeni kitab üzərində işləyir.

Təcrübəli DTK agenti Vladimir Putin hisslərini necə gizlətməli olduğunu yaxşı bilir. Lakin 2013-cü ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama onu “sinfin arxa sıralarında darıxan uşağa” bənzədəndə Putin öz qəzəbini açıq-aydın ifadə etdi.

Əslində sinfin arxa sıralarında oturan uşaqların çox nadir hallarda böyük ambisiyaları olur. Putin isə 21 ildir hakimiyyətdədir və hakimiyyətinin ilk günlərindən həm özü, həm də Rusiya üçün böyük, iddialı planlar qurub.

Rusiyadan çox Sovet İttifaqının patriotu olan Putin 2000-ci ildə prezident kürsüsünə əyləşəndə onun əsas prioritetləri dövlətçiliyi bərpa etmək və Sovet İttifaqının süqutu zamanı əldən verilmiş mühüm siyasi və iqtisadi sahələrdəki nəzarəti geri qaytarmaq idi. Bu sahələrə böyük sənaye müəssisələri, məhkəmə instansiyaları, mətbu orqanlar və milli siyasət daxil idi.

Prezident postuna üçüncü və dördüncü dəfə yiyələnəndən sonra isə Putinin ambisiyası geosiyasi miqyas aldı: Ukrayna və Krıma hücumlar oldu, Suriya ilə ittifaq yaradıldı və Qərb demokratiyalarına qarşı DTK-nın “fəal tədbirlər” adlandırdığı kiberhücum formasında həmlələr həyata keçirildi.

2021-ci ilin martında Rusiyanın Krımı ilhaq etməsinin yeddinci ili tamam olur. Amma Ukraynanın işğalına gətirib çıxarmış meyllər Rusiya siyasətində indi də mövcuddur. Həmin meylləri görmək və qabaqlayıcı planlar hazırlamaq Bayden administrasiyasının əsas məqsədlərindən birinə çevrilməlidir.

Putinin hazırda bu cür böyük və cəsarətli addımlar barədə düşünməsinin ən azı iki səbəbi var. Biri strateji xarakter daşıyır və dəyişməz qalır: həm özünə, həm də Rusiyaya böyük nüfuz qazandırmaq. Belə məsələlər hələ də onun beynini məşğul edir.

Digər səbəb isə taktiki xarakter daşıyır: Putin prezident postuna birdəfəlik yiyələnmək istəyir. Onun prezident kimi hazırkı altı illik səlahiyyət müddəti 2024-cü ildə, yəni 72 yaşında başa çatacaq. Çox güman ki, iqtisadiyyatın zəif, gəlirlərin on ildir durğun qaldığı və COVİD-19 pandemiyasının dərin iz buraxdığı Rusiyada Putin yenidən prezident seçilib hakimiyyətini 2030-cu ilədək uzada biləcək.

O biri yandan da demokratik hərəkatın lideri Aleksey Navalnının 2021-ci ilin yanvarında həbs edilməsi bu qış Rusiyanın yüzdən çox şəhərində etiraz aksiyalarının keçirilməsinə təkan verdi. Bu, 2011-2012-ci illərin qışını xatırladırdı, 2021-ci ilin yanvarındakı aksiyalar o vaxtdan Rusiyada Putin əleyhinə keçirilən ən kütləvi aksiyalar idi.

2011-2012-ci illərin qışında baş tutan aksiyalardan sonra, yəni 2012-ci və 2013-cü illərdə Rusiyada vəziyyət indiki kimi idi: dərin kök salmış inam və təsəvvürlər vardı, iqtisadi perspektiv zəif, rejimi yaşatmaq ehtirası güclü idi. O zaman siyasi həyatının ən həlledici anında Putin öz nüfuzunu möhkəmlətmək və rejimin legitimliyini bərpa etmək üçün iqtisadi tərəqqiyə və gəlirləri artırmağa nail olmaqdansa, Krımı “geri qaytarmağa” üstünlük verdi. Bu, kifayət qədər cəsarətli və ağıllı siyasi manevr idi. Rusiyanın yeganə müstəqil sosioloji qurumu olan “Levada” mərkəzinin direktoru Lev Qudkov o vaxt Putinin legitimliyə yeni iddiasını “vətənpərvər səfərbərlik” adlandırmışdı. Rusiyanın digər bir aparıcı sosioloqu İqor Klyamkin isə bunu “dinc dövrdə hərbiləşdirilmiş vətənpərvərlik” kimi qiymətləndirmişdi.

Putinin manevri işə yaradı. 2012 və 2013-cü illərdə əhalinin hakimiyyətdən nə dərəcədə razı olduğunu qiymətləndirmək üçün tərtib edilən aylıq reytinqlərdə Putinin əldə etdiyi göstəricilər 65 faiz civarında idisə, 2014-2018-ci illərdə 81 faiz oldu. Rusiyalı ekspertlər bunu “Krım konsensusu”, “rusların imperatorluğun əzəməti müqabilində məhdudiyyətlərə boyun əyməsi” ilə nəticələnən bir “emosional yüksəliş” adlandırdılar.

Biz bir dəfə işə yarayan qərarları təkrar-təkrar qəbul etməyə meylliyik. Politoloqlar buna “uğur yolundan asılılıq” deyirlər. İndi 2012-2013-cü illərə nisbətən siyasi və iqtisadi vəziyyətin kəskinləşdiyi və “Krım konsensusu”nun dağılmaqda olduğu bir dövrdə Putin keçmişdə atdığı addımları təkrarlamağa – sonda zəfər çalacağı qısamüddətli müharibələr aparmağa cəhd edə bilər.

1999-cu ilin avqustunda baş nazir postuna təyin edilərkən demək olar heç bir şan-şöhrəti olmayan Putin 2000-ci ilin əvvəllərində “Rusiyanın Çeçenistanda ikinci müharibəsi” adlandırılan əməliyyatlara başladı və onun reytinqi birdən-birə 80 faizə yüksəldi.

2008-ci ilin sentyabrında, Gürcüstana qarşı beş günlük müharibədən sonra isə Putinin reytinqi ən yüksək həddə – 88 faizə qalxdı. (Həmin vaxt Putin formal olaraq baş nazir postunda əyləşmişdi, prezident postuna Dmitri Medvedevi gətirmişdi. Lakin hər kəs hakimiyyətin kimin əlində cəmləşdiyini çox yaxşı bilirdi.)

“Levada” mərkəzinin direktoru Aleksey Levinsonun sözlərinə görə, rus xalqı həmin hadisələri belə qiymətləndirirdi: “Bu hadisələr üçüncü dünya müharibəsinin başlanğıcıdır və biz qələbə qazanırıq. Dəxli yoxdur nəyin üzərində qələbə çalırıq. Əsas odur gücümüzü ONLARA göstəririk!”

Əgər Putin qələbə qazanmaq üçün yenidən qısamüddətli müharibəyə başlasa, onun potensial hədəfləri dəyişməyəcək. Ən azı beş qonşu dövlət müharibə hədəfi seçilməyə namizəddir. Onlardan üçünün (Gürcüstan, Moldova və Ukrayna) həm içində, həm də sərhədində rus qoşunları var. Bu ölkələr Rusiyanın əlaltılarının asanlıqla “əridə” biləcəyi “dondurulmuş” münaqişələrin episentrindədirlər.

Müharibə hədəfi ola biləcək dördüncü ölkə Rusiya ilə rəsmi “Birlik dövləti” qurmuş yeganə dövlət – Belarusdur.

Beşinci namizəd isə Qazaxıstandır. Qazaxıstan Ukraynadan sonra keçmiş sovet dövlətləri arasında rusların ən çox məskunlaşdığı ölkədir. Burada yaşayan rusların sayı 3.5 milyona çatır və onlar əsasən Rusiya ilə həmsərhəd olan altı şimal vilayətində məskunlaşıblar. “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirsə və Mərkəzi Asiya ölkələrinə doğru irəliləməyə başlasa, Rusiya etnik rusları “müdafiə etmək” adı altında Qazaxıstanı ilhaq edə bilər.

Amma bu beş potensial müharibə də Putinin “böyük ideyaları”, onun dövlətçiliyi bərpa etmək və intiqam almaq missiyası üçün kifayət etmir. Bu missiyanı həyata keçirmək üçün NATO-nun şərq qolunu təşkil edən ölkələrə – Estoniya, Latviya və Litvaya sürətli və uğurlu zərbə endirmək də lazım gələ bilər.

Putinin Sovet İttifaqının şöhrətini qaytarmaq və onun süqutuna görə qəddar intiqam almaq üçün hətta o qüdrətli ittifaqın özünün cəsarət etmədiyi bir planı ola bilərmi? Söhbət NATO-nu – demokratik Qərbin həmrəylik və özünümüdafiə iradəsini təcəssüm etdirən bu alyansı məğlub etmək, alçaltmaq, oyuncaq bir quruma çevirməkdən gedir.

Bu halda qələbənin sadə və konkret yolu kimi “Krım konsensusu”nu formalaşdırmış əsas ictimai təsəvvürlər (təzyiqə məruz qalan, hüquqları pozulan etnik rusların dadına çatmaq, ana vətəni qorumaq, hansısa ölkələri hədəf kimi milli şüura yeritmək) yenidən canlandırılacaq.

Putin Riqa və Tallini iki günə nəzarətə götürə biləcəyi ilə öyünsə də, “böyük Rekonkista”nın (xristianların müsəlmanları Pireney yarımadasından sıxışdırıb çıxarması ilə nəticələnmiş, bir neçə əsr davam etmiş hərəkat) baş verəcəyi ağlabatan deyil. Əslində Riqa və ya Tallinə daxil olmaq üçün heç bir tanka ehtiyac yoxdur. Bunun əvəzinə Rusiya Krım üsulundan yararlana, Qərb Hərbi Dairəsində topladığı xüsusi təyinatlıların, elit desantların iştirakı ilə gərgin bir “hibrid” əməliyyat apara bilər. (Hazırda Rusiyanın Estoniya və Latviya ilə sərhədləri yaxınlığında üç xüsusi təyinatlı alayı və hava-desant diviziyası var.)

Sərhəd boyu hücumların potensial hədəfləri bunlar ola bilər: Estoniyada İda-Virumaa vilayəti (bu vilayətin əhalisinin 74 faizi rusdur) və vilayətin ən böyük şəhəri olan Narva şəhəri (əhalisinin 83 faizi rusdur); Latviyada Latqale regionu (əhalisinin 36 faizi rusdur) və Dauqavpils şəhəri (əhalisinin 48 faizi rusdur). Bu ərazilərdən hər hansı biri və ya ikisi “yenidən ana vətənə birləşəndən” sonra onları geri qaytarmağa cəhd göstərmək Rusiya ilə müharibəyə başlamaq deməkdir.

ABŞ və NATO qoşunlarının Əfqanıstandakı keçmiş komandiri general Con Nikolsonun sözlərinə görə, Baltikyanı ölkələrə rus qoşunlarının sayından çox qüvvə yığmaq üçün NATO-ya təxminən 90 gün vaxt lazımdır. Rusiya isə Krımı cəmisi üç həftəyə ilhaq edib. Rus qoşunlarının Krıma girməsi, Krımda Rusiya Federasiyasına birləşmək üçün “referendum” keçirilməsi, Rusiyanın bu “referendum”un nəticələrini qəbul etməsi – bütün bunlar vur-tut üç həftə çəkib.

Həm Brüssel, həm də Moskva bilir ki, Baltikyanı ölkələr yaxın gələcəkdə özlərini müdafiə etmək imkanında deyillər. Estoniya Xarici Kəşfiyyat Xidmətinin son məruzəsində qeyd olunur ki, Rusiya hücum texnikaları – tanklar, qırıcı təyyarələr və raket artilleriyası üzrə açıq-aşkar üstünlüyə malikdir.

Krım əməliyyatından sonra NATO öz nizamnaməsinin 5-ci maddəsini həyata keçirmək üçün Baltikyanı ölkələrə üç döyüş batalyonu göndərib. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, alyansın bir və ya daha artıq üzvünə qarşı silahlı hücum bütün üzvlərə qarşı silahlı hücum hesab olunur.

NATO-nun Baltikyanı ölkələrə göndərdiyi, “ön cəbhədə yerləşdirilmək” üçün nəzərdə tutulan döyüş batalyonları bir növ məftilli minalara bənzəyir. Amma belə məftillər adamı o vaxt qorxudur ki, ona toxunsan partlayışın baş verəcəyinə inanasan. Putinin isə bu məftillərin minalara bərkidilmədiyini düşünməyə əsası var. Fransa prezidenti öz çıxışında NATO-nu “ölü beyin” adlandırıb və Fransa sərhədlərində nəsə baş versə ABŞ-ın 5-ci maddəyə uyğun həmrəylik göstərəcəyinə şübhə ilə yanaşıb. Bundan bir neçə ay sonra yüksək səviyyəli Münhen Təhlükəsizlik Konfransı “Qərbsizlik?” adında iclas keçirib və “Qərbin bir parçası olmağın nə demək olduğu barədə ortaq bir anlayışın itirildiyinə” təəssüfünü ifadə edib. NATO-nun 71 illik fəaliyyəti dövründə ilk dəfə olaraq mətbuat alyansın dağılması ehtimalını müzakirəyə çıxarıb.

NATO ölkələrində keçirilən sorğu zamanı əhaliyə belə bir sual verilib: “Sizcə, Rusiya bizim NATO-dakı müttəfiqlərimizdən biri ilə ciddi hərbi münaqişəyə girsə, ölkəmiz köməyə getməlidirmi?” Fransa, İspaniya, Almaniya və İtaliya da daxil olmaqla ölkələrin yarısında insanların əksəriyyəti bu suala “yox” cavabını verib. İspaniya, Almaniya və İtaliyada “yox” deyənlərin sayı yarıdan çox olub.

Əlbəttə, Putinin Qərbdə yaratdığı imic natamam və dəyişkən ola bilər. Uzunmüddətli perspektivdə və mühüm əhəmiyyət kəsb edən məsələlərdə ictimai rəydən asılı olan demokratik dövlətlərdə ictimai rəy xarici siyasəti sürətlə və köklü şəkildə dəyişə də bilər. Amma Putinin yanaşma tərzi çətin ki, dəyişə. 21 ildir hakimiyyətdə oturmuş rəhbəri məmnun etmək üçün davamlı şəkildə təhrif edilən məlumatlar və keçmiş qələbələrin xatirələri onda dahi olduğuna, seçiminin, hərəkətlərinin mənəvi qüsursuzluğuna və daima uğur qazanacağına sarsılmaz inam yaradıb.

Bundan başqa, Putinin demokratik ölkələr üzərində böyük bir üstünlüyü var: demokratik ölkələr hər şeydən əvvəl sülh istəyirlər. Putinə isə qələbə lazımdır.

Böyük ideyalar onu çağırır, şirin xəyallar ondan əl çəkmir: tarixdə əbədi bir yer onu gözləyir! İndi Vladimir Putin hakimiyyətdə olduğu dövr ərzində hər zamankından daha çox qələbə istəyir.

Leon Aron

Mənbə: Politico.com