"OPEC+" hasilat planlarını korrektə edə bilər

İstehlakçılar strateji ehtiyatlarından istifadə etməyə başlayarsa, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçıları neft hasilatını azaltmaq üçün razılaşma planlarını dəyişə bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi "OPEC+" nümayəndəliklərinin təmsilçilərinə istinadən yazır.

"İstehlakçılar strateji ehtiyatlarını koordinasiyalı şəkildə açsa, "OPEC+" gələn ay hasilatı artırmaq planlarını korrektə edə bilər", - agentlik xəbər verir.

Qeyd olunur ki, bəzi "OPEC+" ölkələri qiymət artımlarını yavaşlatmaq üçün fövqəladə ehtiyatların istifadə oluna biləcəyindən narazıdır.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub.