Ombudsman: Müharibədə itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat verilmir

"Ermənistanda əsirlikdə olan azərbaycanlılara işgəncələr verilib"

“Müharibədə itkin düşmüş xeyli sayda Azərbaycan vətəndaşı var. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur”.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva belə deyib.

Onun sözlərinə görə, yüzlərlə azərbaycanlıya erməni əsirliyində aldığı fiziki və psixi travmalar nəticəsində müxtəlif əlillik qrupları təyin edilib: “Azərbaycan Ombudsmanı olaraq 44 gün davam etmiş müharibə dövründə əsirlər və girovlarla bağlı məsələni daim diqqətdə saxladım. Erməni hərbi əsirlərlə görüşmüşəm, onlar qaldıqları şəraitdən məmnunluqları bildiriblər. Həmçinin saxlanma şəraitlərinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər”.

Səbinə Əliyeva bildirib ki, Azərbaycan bu gün də hərbi təxribatlardan əziyyət çəkir: "Qeyri-qanuni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxmaması, onların diversant qrupları tərəfindən baş vermiş təxribatlar regionada sülhün bərpa edilməsinə qarşı çox böyük təhlükədir. Azərbaycanda isə erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması kimi addımlar humanizm prinsipinə əsaslanıb. Ancaq Ermənistan indiyədək ikinci Qarabağ müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir”.

Ombudsman bildirib ki, əsir və girov düşmüş şəxslərin müdafiəsini, onların pozulmuş hüquqlarının bərpasını daim diqqətdə saxlayır: “Təkzibedilməz faktlar tədbirlərin görülməsini tələb edir”.

Ötən həftə Ermənistan Ombudsmanı da açıqlama yaymışdı.

Açıqlamada bildirilirdi ki, Azərbaycanın Gorus-Qafan yolunu bağlamasından sivil əhali əziyyət çəkir.

Ombudsmanın dediyinə görə, Azərbaycan tərəfin tez-tez atəşkəsi pozmasından da ətrafda yaşayan sivil insanlar narahat olur. Evlərə və təsərüfatlara ziyan dəyir.