Ödənişli ziyarətə etiraz, təklif

Bakının Xətai rayonunda yaradılan Hərbi Qənimətlər Parkı aprelin 14-dən ziyarətə açılıb. Məkana giriş şəhid ailələri, qazilər və 6 yaşadək uşaqlar üçün pulsuzdur. Qalan şəxslər qiyməti 2 manat olan giriş bileti almalıdır.

Aprelin 12-də prezident İlham Əliyevin iştirakı ilə açılan Hərbi Qənimətlər Parkında əsasən 2020-ci ilin Vətən müharibəsində düşməndən götürlən hərbi texnika nümayiş olunur.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Hərbi Qənimətlər Parkına ödənişli giriş tətbiqini pisləyib. ABŞ-ın Ratqers Universitetinin professoru olan iqtisadçı alim yazır ki, Vaşinqtonda qapalı yerdə, xərci çox olan məkanlarda xüsusi mühafizə edilən dünya şöhrətli muzeylərin əksəriyyətinə giriş pulsuzdur: “Park və muzeyləri ziyarət məktəblilər üçün ödənişsizdir. Bakıdakı Hərbi Qənimətlər Parkının xərci çox deyil. Əvvəla, açıq havadadır, ikincisi, işçilərin sayı azdır. Bu məsrəfləri büdcədən muzeylərin və ya parkların saxlanması üçün ayrılan vəsait hesabına qarşılamaq olar. Təklif edirəm ki, güzəşt kateqoriyası genişləndirilsin, məktəblilər, pensiyaçılar və başqa bu kimi kateqoriyalara aid şəxslər üçün də giriş pulsuz olsun.

Vətən müharibəsində Azərbaycana arxa olmuş Türkiyənin vətəndaşlarına Azərbaycan vətəndaşları kimi eyni ödəniş müəyyən edilməsi də məsləhətdir. Xarici vətəndaşlar üçün biletin qiyməti 10 manatdır. Bu, çox yuxarı rəqəmdir. Əksinə, biz maraqlı olmalıyıq ki, Hərbi Qənimətlər Parkını daha çox əcnəbi ziyarət etsin”.