Növbəti manipulyasiya: Məscidlər (Analitika)

Müsəlman Birliyi Hərəkatı məscidlərin ibadətə açılması ilə bağlı QMİ-nin son açıqlamasını təhlil edən yazı dərc edib.
 
Operativ.tv həmin analitik yazını olduğu kimi təqdim edir:
 
 
Növbəti manipulyasiya: Məscidlər.
Artıq uzun zamandır ki, Azərbaycanın inanclı xalqının məscidlərin açılması ilə bağlı istək və arzuları nəhayət Nazirlər Kabinetinin qərarı ilə İyun ayının 10-da gerçəkləşəcək. Lakin qərar gündəmə gələr-gəlməz çoxsaylı ziddiyyətlər nəhayətdə ruhanilər idarəsinin qərarı ilə icazələrin əsl mahiyyətini sərgilədi.
 
Öncə ruhanilər idarəsi haqqında.
Təəssüf ki, dini dəyərlərin inkişafı üçün yaradılan bu təşkilat Nazirlər Kabinetini də kölgədə qoymaqdadır. Bundan öncə dəfələrlə dini sekulyarlaşdırmağa istiqamətli fəaliyyəti olan QMİ məsulları sanki dinə münasibətlərdə sərtləşməni çıxış yolu olaraq hökumətə təqdim etdilər.
Bu dəfə isə neçə-neçə ruhaninin yer aldığı toplantı, onları boyunduruğu altına alan vəzifə müqabilində növbəti aşkar din əleyhinə mövqeyini nümayiş etdirmiş oldu. Heç şübhəsiz yazıq simalarını asılı iplərini əllərində oynadanların maraqlarına qurban verəcək şəxslər bundan artıq olmamalıdır.
Həqiqət belədir ki, bu göstəriş hər ötən gün hakimiyyət və xalq arasında gərginliyi pik həddinə qaldırmağa çalışan səlahiyyətli orqanlar tərəfindən verilməkdədir. Sanki qanunların islamofob olması daha çox dövlətin hansısa orqanının mühafizə olunması kimi planları özündə ehtiva edir. Belə gərginlik yaratma siyasəti zaman-zaman müəyyən hakimiyyət dairələrində olub. Onlar xalqın düşüncəsini, həssas hisslərini bilməklə onda qıcıq yaradıb bu vasitə ilə dövlətdən özlərinin toxunulmazlığı, təhlükəsizliyi, korrupsiya oyunlarına azad cəbhəni təmin etmiş olublar.
Qeyd olunanlara sübut üçün qəbul olunmuş qərarlara baxmaq yetərlidir ki, onun mahiyyəti aydın görünsün. Məscidlərə daxil olmaq üçün ağır şərtlərin qoyulması gülünc haldır.
Nəqliyyatda, iaşə obyetlərində, qapalı ictima məkanlarda ara məsafəsi saxlanılmadığı, heç bir qayda gözlənilmədiyi, bütün kriteriyalar pozulduğu halda, yalnız məscidlərdə 50 nəfər limiti və digər sərt icazə şərtləri qeyd olunan qərarın siyasi qarşıdurmadan başqa heç nəyə hesablanmadığını söyləməyə əsas verir.
Biz, bu gərginliyi qazilərlə davranışda, şəhid ailələrinin etirazında, vətəndaşların maddi durumu səbəbindən səfalət həddinə düşməsində, iş yerlərini itirməsində, ölkəni tərk edərək xaricdə yaşamağa üz tutuanlarda, müharibədə itkin düşmüşlərin ailəsinin göz yaşlarında, xəstəxanalarda rüşvətin cəngində can verənlərdə, korrupsiya səbəbindən icra başçılarının pəncəsində əzilənlərin fəryadında, haqsız iddihamlarla hərraca döndərilən məhkəmə qərarlarında, polislərin heç bir hüquqi müstəviyə sığmayan davranışlarında və sair bu kimi saysız-hesabsız problemlərdə görə bilərik. İnanc məsələsinin də bu narazılıqlara əlavə olunmasında maraqlı olan orqan və ya şəxslər, şübhəsiz dövləti də öz təsiri altında saxlamağa çalışanlardır.
Manipulyasiya o qədər yüksək və açıq-aşkar hiss olunandır ki, bu gün hər sahəni əhatə edən barıt çəlləyi şəklini almaqdadır.
Şübhəsiz bu hallar narahatedicidir və arzuolunmaz nəticələrdən xəbər verir.
Bunun qarşısı alınmazsa...
 
Müsəlman Birliyi Hərəkatı (Təhlil və Araşdırma Mərkəzi)