Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil edən mer saxlanıldı

Ermənistanın hüquq-mühafizə orqanları Sünuk vilayətindəki (Zəngəzur - red.)Mehri şəhərinin meri Mxitar Zakaryanı saxlayıb.

"Sputnik Ermənistan"ın aprelin 22-də verdiyi xəbərə görə, vəkil Qayane Papoyan sosial şəbəkə hesabındakı açıqlamada bildirib ki,  merin bir neçə polis avtobusunun müşaiyəti ilə Yerevana aparıldığına dair informasiya yayılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 21-də Sünikin Mehri və Aqarak şəhərlərinə səfər edib. O, yerli tərəfdarları ilə birlikdə həmrəylik yürüşü keçirməyi planlaşdırıbmış. Amma tədbirin keçiriləcəyi yerə toplanananlar baş nazirin avtomobilinə və mühafizəçilərə hücum ediblər. Bu səbəbdən Paşinyan həmin ərazidə çox dayanmadan oranı tərk edib.

Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan isə açıqlamasında deyib ki, Aqarak və Mehridə baş verənlər məlum dairələr tərəfindən təşkil olunub: 

“Qafan sakinləri baş naziri çox isti qarşılayıblar. Amma Aqarak və Mehridə baş verənlər Aqarak və Mehri sakinləri ilə heç bir bağlılığı olmayan məlum dairələr tərəfindən təşkil edilib”.

"Azatutyun"un yazdığına görə, Sünikdə hakimiyyətdən narazılığın səbəbi Azərbaycanla sərhədlərin "ədalətsiz şəkildə" dəqiqləşdirilməsidir. Bu bölgədə bəzi icma başçıları baş nazirin istefasını tələb ediblər.

Qeyd olunub ki, Baş Prokurorluq Sünikdə baş verənlərlə bağlı polisə cinayət-prosessual materiallarının hazırlanmasını tapşırıb.