Neft oğurluğu və poqonlu mafiya (Təhqiqat)

"Rusiyada hər il milyonlarla ton neft ya daşınma zamanı, ya da boru kəmərlərindəki "dəlik"lər vasitəsilə oğurlanır. Neft şirkətləri hasilata dair düzgün rəqəmlər almır, büdcə isə milyardlarla rubl puldan məhrum edilir. Oğrularla mübarizə aparmaq o qədər də mürəkkəb olmaya bilərdi, əgər onlar hüquq-mühafizə orqanlarının himayəsi altında işləməsəydilər".

Bu sözlər AzadlıqRadiosu rus xidmətinin apardığı təhqiqatın geniş hesabatında yazılıb.

AzadlıqRadiosu araşdırmanı bütün Rusiya neftinin 40 faizinin hasil olunduğu Xantı-Mansi muxtar dairəsində aparıb.

Jurnalistlər bu regionda hüquq-mühafizə orqanlarının, neft şirkətlərinin təhlükəsizlik xidmətlərinin keçmiş və indiki əməkdaşları, hətta cinayətkar qruplara yaxın şəxslərlə söhbət ediblər. Onlardan heç biri adlarının çəkilməsini istəməyib.

Məqalədə deyilir ki, neft oğurluğuna görə açılmış cinayət işlərinin materialları keçmişdə DTK, indi isə Federal Təhlükəsizlik Xidməti adlanan idarənin bu prosesdə iştirakını göstərir.

Məsələn Nijnevartovsk neft rayonunun keçmiş polis rəisi Sergey Zinçenko neft oğrularına müharibə elan etdiyinə görə onun özünə qarşı cinayət işi qaldırılıb və o, vəzifəsindən uzaqlaşdırılıb.

Məqalədə deyilir ki, əldə olunmuş informasiyalar son illərdə neft oğurluğuna nəzarət edən əsas strukturun FTX olduğunu göstərir. Hərçənd, bu işdə polis orqanlarının, OMON-un və başqa hüquq-mühafizə strukturlarının da öz payı var.

 

Hesabatda qeyd olunur ki, neft oğurluğu ilə bağlı cinayət işləri məhkəmələrə gedib çıxsa da, orada müttəhimləri ya birbaşa azad edir, ya da onlara simvolik şərti cəzalar verməklə kifayətlənirlər.

AzadlıqRadiosunun həmsöhbətlərinin sözlərinə görə, neft, daşınma və emal da daxil, bütün mərhələlərdə sənaye miqyasında oğurlanır.

İfşa edən jurnalistə cinayət işi

Bununla belə, neft oğurluğunun iki əsas vasitəsi var: boru kəmərlərində açılan dəliklərdən və hasilat və daşıma zamanı baş verən oğurluqlar.

Eduard Şmonin "Kriminal neft" filmində bildirir ki, neft borusunda dəlik açılması artıq cinayət işinin qaldırılması üçün əsasdır. Amma bu filmdən sonra jurnalistin özünə cinayət işi açılıb.

AzadlıqRadiosunun mənbələri bildirirlər ki, avtomobil daşımaları zamanı hasil olunan neftin yarısınadək oğurlana bilər.

 
 

Bu proses zamanı "kolluqda" gizlənən operatorlar cinayətkar qruplaşmalarla əlaqəyə girirlər.

Bu qruplar oğurlanan nefti alırlar. Mənbələr xüsusilə də Mixail Qutseriyevin "RussNeft" şirkətini daimi "oğurluq dəliyi" adlandırırlar.

Eyni hadisələr "Lukoil" və "Transneft" şirkətlərində də baş verir.

Oğurluq neftin "yolüstü" emalı

Bu da qeyd olunur ki, xam neft qarışığı quyudan çıxarkən temperaturu təxminən 100-120 dərəcə olur. Buna görə hətta qışda da avtosisternlərdə olan xam neft qaza, suya və təmiz neftə parçalanır.

Su neftdən ağır olduğuna görə avtosistern mənzil başına çatanda suyu süzür, nefti isə dizel yanacağına ayırırlar.

Sonradan bu yanacağı hətta oğurluğun baş verdiyi şirkətdə də satmaq mümkündür.

AzadlıqRadiosunun mənbələrinə görə, oğurlanmış neft bu bazaya boşaldılır. Nijnevartovsk
 

Daha çox oğurlanan ikinci material isə qaz borularında yaranan qaz kondensatıdır. Həm də "qazolin" adlanan bu maddəni benzinə qatıb regionun yanacaqdoldurma məntəqələrindən satmaq olar.

Qazolinin keyfiyyəti müxtəlif ola bilər və onun benzinə qatılması oktan rəqəmini dəyişmir.

Bir dəliyin qiyməti

AzadlıqRadiosuna verilən məlumata görə, neft kəmərlərində dəliklər artıq onların tikintisi prosesində də qoyula bilər. Bunun üçün boru kəmərinin maşınların yaxınlaşması üçün daha rahat hissəsi seçilir. Bu dəliklərin koordinatları sonradan alver obyektinə çevrilir. AzadlıqRadiosuna verilən informasiyaya görə, belə dəliklərin yeri barədə informasiya 200-250 min rubla (2600-3300 dollar) satılır.

"Rahat" yeri hətta kəmərin sahə rəisi də göstərə bilər.

AzadlıqRadiosu yazır ki, bu proseslərdə iştirak edənlərin hamısı bu və ya digər dərəcədə neft şirkətlərinin təhlükəsizlik xidmətləri və ya hüquq-mühafizə orqanları ilə bağlıdırlar.

Neft, adətən, gecələr oğurlanır. Bu prosesdə avtosistern sürücülərindən başqa 15 nəfərədək başqa adamlar da iştirak edir.

 

Dəliklərin kameraları

Məqalədə deyilir ki, boru dəliklərində, adətən, kameralar quraşdırılır və buradakı görüntü dəliyə nəzarət edən FTX və ya polis əməkdaşına ötürülür.

Görüntülərdən doldurulan maşınların sayları bəlli olur.

Bundan sonra yol polisi oğurlanmış nefti daşıyan avtosisternlərə "yaşıl işıq" yandırır.

Avsosisternlər dəmiryol dalanlarında və başqa ara məntəqələrində çənlərə və ya neft vaqonlarına boşaldılır.

Neftin bir hissəsini son alıcıya elə avtosisternlər çatdırır.

Məqalədə deyilir ki, belə nefti, adətən, birgünlük açılmış bir şirkət başqa birgünlük şirkətə satır.

Bu da qeyd olunur ki, oğurluq neftdən vergi ödənmədiyinə görə sözügedən şirkətlər vergi ilə borclanır, sonra isə "müflis" olurlar.

 

Nijnevartovsk-2 stansiyası yaxınlığındakı dəmiryol dalanında xalq arasında "samovar" adlandırılan mini-NEZ

Oğurluq neftin alıcıları

AzadlıqRadiosu yazır ki, oğurlanmış neftin alıcısı bütün ölkə boyunca həm iri neftayırma zavodları, həm də kiçik özəl şirkətlər ola bilər. Oğurlanmış neft, adətən, rəsmi neftdən 30-50 faiz ucuz olur.

Məqalədə mənbələrə istinadən bildirilir ki, neftin vaqonlara doldurulduğu dəmiryol dalanları da tez-tez satılır, əldən-ələ keçir. Bu adamların kim olduqlarını yalnız hüquq-mühafizə orqanları bilirlər.

AzadlıqRadiosunun hüquq-mühafizə orqanlarındakı mənbələri bildirirlər ki, Xantı-Mansi regionunda neftin təsisatlanmış oğurluğuna 2000-ci illərdən başlanıb.

Mənbələr iddia edirlər ki, bütün bu sistem FTX-nın özü tərəfindən yaradılıb.

Məqalədə deyilir ki, əlbəttə, neft oğurluğunda tutulanlar da olur, lakin bunlar, əsasən, avtosistern sürücüləri kimi xırda fiqurlar olur və onları məhkəmələrdə o qədər də ağır cəzalar gözləmir.