Nazirlər Kabineti qərarını dəyişdi

Ölkədaxili uçuşlar zamanı PCR test arayışı tələb olunmayacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib.

Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test arayışı tələb olunmayacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.

Bildirilir ki, ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

Bundan əvvəl Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin edirdi və Azərbaycan Respublikasına gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verirdilər.