Nardaran - 6 il

Bağışlayan və Mehriban Allahın adı ilə.
Qanlı Nardaran faciəsinin 6-cı ildönümünü qeyd edirik. Bu faciə Azərbaycan tarixinə qara hərflərlə yazıldı. Xalqımızın daxili və xarici düşmənlərinin törətdiyi bu faciə heç bir zaman yaddaşlardan silinməyəcək. Bu faciədə 4 nəfər inanclı vətəndaşımız şəhid edildi, çoxsaylı inanclı vətəndaşımız güllə yarası aldı, bir nəfər ictimai xadim, xalqımızın ziyalı oğlu Hacı Əbülfəz Bünyadov fiziki sağlamlığını 80% itirərərək əlil oldu. Həmçinin çoxsaylı din xadimləri, ictimai xadimlər və inanclı vətəndaşlarımız həbs edildi.
Həbs olunan vətəndaşlarımızın əksəriyyəti azadlığa buraxılsa da hazırda Müsəlman Birliyi Hərəkatının Lideri ilahiyyatçı Hacı Tale Bağırzadə olmaqla bir neçə inanclı vətəndaşımız hələ də qanunsuz olaraq həbsdə saxlanılmaqdadır.
Digər tərəfdən Nardaran faciəsindən sonra övladlarının qanunsuz həbs olunmasıyla razılaşmayan bir neçə valideyn ürək tutmasından dünyasını dəyişdi. Eyni zamanda atalarının həbsinə tab gətirməyən balaca övladlar xəstəliyə düçar oldu həmçinin ailələr dağıldı və körpələr valideynsiz qaldı.
Bütün bunlar kimə lazım idi??? Niyə baş verdi bu faciə??? Nə idi yüzlərlə inanclı vətəndaşın günahı???
Mən 28 gün DİN BMCMİ-nin müvəqqəti saxlanma yerində saxlanıldım. O günlər heç vaxt mənim yadımdan çıxmayacaq. Allaha and olsun ki, özümü sanki ermənilərə əsir düşmüş hesab edirdim.
Yaşadığım evə qanunsuz daxil olan DİN BMCMİ-nin 6 əməkdaşı özləriylə gətirdiyi qumbaranı çarpayının altına qoyaraq 3 yaş 10 aylıq övladımın gözü önündə mənim qoluma qandal vurub məni qanunsuz həbs etdilər.
Kim verəcək bunların hesabını???
Hesab edirəm ki, tezliklə bu faciənin həqiqi sifarişçiləri aşkarlanıb istintaqa cəlb edilməli, Hacı Tale Bağrzadə başda olmaqla həbsdə olunanlar azad edilməli həmçinin bu işdə zərərçəkən vətəndaşlarımızın ağrı-acıları dinlənilməli və gündəmə gətirilməlidir.

Vüsal Nadiroğlu
Sosial psixoloq
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü