"Müdafiə Xətti": Noyabrda insan hüquqları sahəsində durum olduqca ağır olub

Turan: "Noyabr ayında Azərbaycanda insan hüquqları sahəsində mövcud olan durum olduqca ağır olub". Bu barədə "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının aylıq hesabatında deyilir.

Hüquq müdafiə təşkilatının monitorinqinə əsasən, əvvəlki dövrlərdə olduğu kimi, noyabr ayında da hökumət hüquqi dövlətin ayrılmaz tərkib hissəsi olan qanunun aliliyi və hüququn üstünlüyünə maraq göstərməyib.

"Cəmiyyətin siyasi həyatında vətəndaş iştirakı hökumətin narahatçılığını doğurub, xüsusilə, siyasi azadlıqlara hörmət edilməyib, sərbəst toplaşmaq üçün real zəmin yoxdur, söz və fikir, vicdan, mətbuat və məlumat azadlıqları təzyiq, təhdid, repressiv tədbirlərlə müşaiyət edilir. Qanunsuz cəzalandırmalar, siyasi ağırlıqlı inzibati ya da cinayət təqibləri, hüquq-mühafizə orqanlarında, xüsusilə, polis idarə və bölmələrində, müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində işgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış halları adiləşib. Siyasi rejimin təqibləri nəticəsində mühacirət edən, lakin sonradan repatriasiya edilənlər qurama əsaslarla cinayət təqibinə məruz qalır, istintaq dövründə ağır işgəncələr altında "etirafedici" ifadələr imzalayırlar. Bütün hunlar Azərbaycan Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın norma və tələblərinin əsasən gözlənilməməsindən xəbər verir", deyə hesabatda qeyd edilir.

Hüquq müdafiə təşkilatı hesab edir ki, ölkədə demokratik quruluşa təminat verilməli, icra, qanunverici və məhkəmə hakimiyyəti arasında balans yaradılmalıdır.

"Hamının qanun və məhkəmə qarşısında bərabərliyi real olaraq təmin edilməlidir. Sərbəst toplaşmaq, vicdan, söz və fikir azadlıqlarına hökumət orqanlarının subyektiv əngəl və müdaxilələri aradan qaldırılmalıdır. İşgəncə faktları xüsusi diqqətlə araşdırılmalı, bu əməllərdə iştirak edən şəxslərin dairəsi müəyyən olunaraq məhkəmə önünə çıxarılmalıdır", "Müdafiə Xətti" bu təkliflərlə çıxış edib.

Öz növbədində, Azərbaycan hökuməti ölkədə insanların bütün fundamental hüquq və azadlıqlarının tam təmin edildiyini bildirir. Hüquq-mühafizə orqanları isə işgəncə faktları ilə bağlı yayılan məlumatları qərəzli hesab edir.