“Müdafiə Xətti”-nin Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı növbəti bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 04 sentyabr -14 sentyabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 54 saylı bülleteni
05 sentyab 2022-ci il. Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Gülnarə Rəhimovaya qarşı xüsusi ittiham qaydasında şikayət təmin edilib. Məhkəmənin ittiham hökmünə əsasən Gülnarə Rəhimova 460 saat ictimai işlərə cəlb olunacaq. O, böhtan və təhqirdə ittiham edilib. AXCP üzvünə qarşı şikayətin verilməsinə onun avqustun 11-də sosial şəbəkələrdə polid əməkdaşının fotosunu yayması səbəb olub. Belə ki, İyulun 20-də Nazirlər Kabinetinin binası qarşısında "Sərhədləri açın!" tələbilə keçirilən aksiyada Rəhimova saxlanılıb. G. Rəhmova bildirib ki, 41-ci polis bölməsinə aparılan Müsavat Partiyasının üzvü Əziz Məmiyevin orada döyülməsinin şahidi olub ki, bu barədə də öz səhifəsində yazıb və Məmiyevin döyülməsində iştirak edən polisin fotosunu paylaşıb.
07 sentyabr 2022-ci il. Bakıda döyüş bölgəsində həlak olan şəxslərin bir qrup ailə üzvü piket şəklində etiraz edib, həlak olmuş hərbçilərə şəhid statusunun verilməsini tələb ediblər.
11 sentyabr 2022-ci il. Binəqədi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatını təmin edərək jurnalist Əvəz Zeynallı, vəkil Elçin Sadıqovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Ə. Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), E. Sadıqov isə 32, 5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa köməklik) maddəsi ilə ittiham olunur. Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işinin səbəbi kimi göstərilən jurnalist Ə.Zeynallının sosial şəbəkələrdə yayılan səs yazısında cinayət qanunverciliyi ilə cəza təhdidi altına alınmalı olan hər hansı ictimai təhlükəli əməl-hərəkət yoxdur.
Eyni zamanda, həmin cinayət işi üzrə aparılan ilkin istintaq hərəkətləri, jurnalist Ə. Zeynallının, vəkil E. Sadıqovun yaşadıqları mənzillərdə, fəaliyyət göstərdikləri ofislərdə axtarış və götürmənin aparılması cinayət-poosessual qanunvericiliyin və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun müddəlarının kobud şəkildə pozulması ilə müşayiət edilib. Belə ki, E. Sadıqovun evində axtarış aparılması barədə məhkəmə qərarında ünvan doğru qeyd edilməyib və həmin istintaq hərəkətinin zəruriliyini şərtləndirən hallar göstərilməyib. Bundan başqa, E. Sadıqovun peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar topladığı sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) tələb edilib, götürülüb ki, bu da "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 3-cü hissəsinin 1-ci bəndi ilə ziddiyyət təşkil edir. Baxmayaraq ki, həmin Qanunun 7-ci maddəsinin 3-cü hissəsi vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirməyi də qadağan edir. Həm Ə. Zeynallının, həm də Elçin Sadıqovun cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, ibtidai istintaqın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi və bu kimi halların baş vermə ehtimalının az olmasına baxmayaraq, prosessual məcburiyyət tədbirlərinin arasında ən sərti-həbs seçilib, ev dustaqlığı və girov qətimkan tədbirləri nəzərdən keçirməyib. Bu ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını bəri başdan şübhə altına qoyur, prosesin siyasi sürəc olduğunu, cinayət təqibinin təqsirləndirilən şəxslərin prinsipial və müstəqil peşə fəaliyyətlərindən qaynaqlandığını ortaya çıxarır.
12 sentyabr 2022-ci il. Qazi Elnur Rüstəmov Xəzər rayonu Buzovna kəndinin bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırıb. Hazırda qazi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.
13 sentyabr 2022-ci il. AXCP fəalı, şahmat müəllimi Şahin Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında Şahin Hacıyevin şikayəti təmin edilməyib.
Ş. Hacıyev narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub, 6 il azadlıqdan məhrum edilib.
14 sentyabr 2022-ci il. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları AXCP Masallı şəhər dayaq dəstə sədri Mehdi Əsədovun evinə gələrək əvvəlcə onun telefonunu tapıb götürmüş və sonra özünü zorla Polis Şöbəsinə aparıblar. Bir neçə saatdan sonra o, məhkəməyə aparılıb və inzibati qaydada 30 gün müddətinə həbs edilib.