MƏSULİYYƏT HAKİMİYYƏTİN ÜZƏRİNƏ DÜŞƏCƏK

Müsəlman Birliyi Hərəkatının rəsmi facebook səhifəsi təxribat ehtimalı ilə bağlı bəyanat yaydı. Bəyanatda deyilir:
"Qanunların aliliyini həmişə mübarizə xəttində əsas meyar sayan Müsəlman Birliyi Hərəkatı, ünvanına səslənən əsassız iddihamları rədd etmiş və fəaliyyətini bu müstəvidə davam etdirmişdir. Təsadüfi deyildir ki, məhkəmələr zamanı ünvanına səslənən qanunsuz iddialara öz həqiqət duruşu ilə sinə gərmiş və bu gün də hər növ qanunsuzluğu rədd etməkdədir.
Hərəkatın bu mövqeyi onu hər növ çirkinliklərlə ləkələməyə çalışan qüvvələri qane etmir, qıcıqlandırır. Dedikləri sözlərin effektsizliyini müşahidə edənlər, daha zəhərli addımlarını biruzə verməkdən çəkinmirlər. Bu günlər bir neçə ay öncə Tofiq Yaqubluya məxsus oğurlanmış Facebook səhifəsindən Tale Bağırzadə və bir neçə ruhaninin də yer aldığı şəklin paylaşılaraq üzərində "... Onların yeri ya həbsxanadır, ya torpağın altı" yazılması növbəti təxribatdır.
Hamıya müxalifət nümayəndəsinin səhifəsini oğurlayan tərəfin kimliyi bəllidir. Şübhəsiz, bu hakimiyyətə yaxın qüvvələrdir və onların bu təhdid dolu yazıları böyük bir təxribatı özündə əks etdirir.
Biz, Müsəlman Birliyi Hərəkatı olaraq həbsxanada olan bütün ruhanilərin hər hansı bir təxribatla üzləşəcəyi halda bunun məsuliyyətinin bütünlükdə hakimiyyət üzərində olacağını bəyan edir, iftira və təxribatla məşğul olanları kəskin şəkildə qınayırıq".