Moskva Əhli-beyt İslam Cəmiyyəti: “Fitnəkarlıq etmək istəyənlərin mənfur arzuları ürəklərində qalacaq”

Giperssilka xəbər verir ki, Moskva Əhli-beyt İslam Cəmiyyəti Azərbaycan KİV-də yayınlanmş və təhrif edilmiş materiallara cavab olaraq bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, Moskva Əhli-beyt İslam Cəmiyyətinin fəaliyyəti burada yaşayan müsəlmanlara, xüsusilə bu ölkədə böyüyüb başa çatan gənclərimizə dini, mənəvi, milli dəyərləri və vətənpərvərliyi aşılamağa yönəlib:

“Vətənimizin sevincinə sevinib, kədərinə kədərlənmişik. Allaha şükür ki, xalqımızın mərd övladları, torpaqlarımızı işğaldan azad etdi və torpaqlarımızda yenidən azan səsləri ucaldı. Allah-təala şəhidlərimizi şəhidlər sərvəri İmam Hüseyndən (ə) ayrı salmasın, qazilərə şəfa, şəhid ailələrinə səbr versin”.

Qeyd edilib ki, son günlər məkrli qüvvələr qardaş ölkələr Azərbaycan və İran arasında olan anlaşılmazlıqdan qərəzli şəkildə istifadə etməyə cəhd edir:

“Bu dövlətlərin inkişaf və tərəqqisini gözü götürməyənlər baş vermiş hadisələri şişirdərək müştərək tarixə, mədəniyyətə, bir-birindən ayrılmaz bağlılıqlara malik olan bu müdrik xalqlar arasında düşmənçilik toxumu səpirlər. Allahın lütfü və köməyi ilə hər iki xalqın dərin düşüncəli ictimai-siyasi şəxsiyyətlərinin və müdrik rəhbərlərinin məntiqli addımları sayəsində millətçilik, məzhəbçilik və digər bəhanələrlə fitnəkarlıq etmək istəyənlərin mənfur arzuları ürəklərində qalacaq. İnşallah, Azərbaycan və İran qardaşlığı davam edib möhkəmlənəcək”.