Minaya düşən azərbaycanlılardan biri ölüb, ikisi yaralanıb

Faktla bağlı cinayət işi açılıb

Ağcabədi rayon sakinləri minaya düşüb.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir ki, vətəndaşlar dəfələrlə edilən xəbərdarlıqlara baxmır. Nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçir.

“Bu gün Ağcabədi rayon sakinləri Şahin Verdiyev, qardaşı Aydın və Firdovsi Quliyev nəzarət postlarından kənar yollarla işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərərkən minaya düşüb. Partlayış nəticəsində Şahin Verdiyev ölüb, digər iki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətlərilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”, - məlumatda deyilir.

Bildirilir ki, prosessual istintaq-əməliyyat tədbirləri aparılıb, eləcə də müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə baxış keçirilib:

“Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (qəsdən iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb”.

Məlumata görə, ilkin araşdırmalar zamanı Şahin Verdiyevin bu il martın 30-da işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd etməsi müəyyən edilib. Həmin vaxt o, polis əməkdaşları tərəfindən saxlanılıb:

“Ağdam Rayon Məhkəməsinin qərarı ilə 16 sutka inzibati qaydada həbs edilib. Vətəndaşlara bir daha xəbərdarlıq edirik. Bu hallardan nəticə çıxarsınlar və həyat, sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməsinlər”.

Daha öncə, fevralın 2-də Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxsin, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşdüyü bildirilib. Minaya düşənlərdən 1-nin həlak olduğu, digərlərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları açıqlanıb.

Fevralın 4-də Füzuli rayon sakini Şahin Quliyev Füzuli rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, qardaşı Mehman Quliyev, rayon sakinləri İlqar Əhmədov və Müstəqim Ələsgərov itkin düşüb.

Aparılmış ilkin araşdırmalarla fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.

2020-ci il fevralın 28-də Füzulinin Aşağı Seyidəhmədli kəndində 4 nəfər mülki şəxs minaya düşüb. Olduqları avtomobilin tank əleyhinə minaya düşdüyü ehtimal edilən Şakir Hacıyev, Firudin Hacıyev, Zülfüqar Hüseynov və Zibeydə Adilzadə həlak olub.

Oxşar hadisə Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində də baş verib.

Aprelin 4-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı bəyana verib.

Bəynatda yazılıb ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri Ermənistan tərəfindən kütləvi minalanıb. Ermənistan hökuməti bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşmür.

“Azad edilmiş ərazilərin kütləvi minalanması problemi ilə üzləşmişik. Bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir. 30 illik işğal dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub”.

XİN bildirib ki, 2020-ci il noyabrın 10-da Ermənistan və Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bu günədək, işğaldan azad olunmuş ərazilərdə mina partlaması nəticəsində aralarında 14 nəfəri mülki şəxs olmaqla, 20 nəfər Azərbaycan vətəndaşı həlak olub:

“Eyni zamanda, digər insanları qorumağa çalışan Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) cəsur əməkdaşları da daxil olmaqla, 85 vətəndaşımız (o cümlədən, 16-sı mülki şəxs) ağır yaralanıb”.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. 44 gün sürən müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.