Milli Məclisin buraxılması məsələsi - "Xalq arasında onsuz da aşağı olan imicini sıfıra endirir"

“Milli Məclisin işini heç də qənaətbəxş hesab etmirəm. Azərbaycan parlamenti birmənalı şəkildə Prezident Administrasiyasının notarial kantoru kimi fəaliyyət göstərir. Ordan gələn göstərişləri sorğu-sualsız təsdiq edir”.

Bunu siyasi şərhçi Elman Fəttah “Toplum TV”-yə Milli Məclisin fəaliyyətini şərh edərkən deyib. 

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Vüqar İskəndərov avqustun 2-də Milli Məclisin fəaliyyətinin qənaətbəxş olduğunu və onun buraxılacağı barədə xəbərlərin "müəyyən radikal siyasi qüvvələrin maraqlarına" xidmət etdiyini bildirib. 

“Son vaxtlar bəzi KİV-lərdə yaxın vaxtlarda Konstitusiyaya dəyişiklik edilməsi üçün referendum keçiriləcəyi, eləcə də Milli Məclisin təkrarən buraxılacağı barədə həqiqətə uyğun olmayan məlumatlar və müzakirələr yer almaqdadır. Hesab edirəm ki, bu, müəyyən radikal siyasi qüvvələrin maraqlarına xidmət edir”, - deyə Vüqar İskəndərov "Report"a açıqlamasında bildirib. 

Elman Fəttahsa deyir ki, Milli Məclisin buraxılması bu qurumun özündən yox, ölkə prezidentindən asılıdır:

“Günü sabah İlham Əliyev parlamenti buraxa biləcəyini deyə bilər. Özü buraxmasa da, çağırıb parlament sədrinə tapşırıq verməsi kifayətdir ki, parlament yığışıb özü-özünü buraxsın”.

Elman Fəttah deputat Vüqar İskəndərovun "radikal qüvvələr" barədə işlətdiyi ifadəni isə belə şərh edib: “Milli Şuranın, Azərbaycan Xalq Cəbhəsinin, Əli Kərimlinin və ya Cəmil Həsənlinin rəhbərlik etdiyi müxalif siyasi qurumları hökumət radikal təşkilatlar adlandırır. Görünür, bir neçə deputat da bu ifadələri işlətməyi sevir”.

Ağ Partiya sədri Tural Abbaslı da Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab etmir. 

“Müxalifət partiyası parlamentdə çoxluq təşkil etdiyi halda belə növbədənkənar seçkilərin keçirilməsini, parlamentin buraxılmasını tələb edə bilər. Dünyanın heç bir yerində "parlament buraxılsın, yeni seçkilər keçirilsin" deyən siyasi qüvvəyə radikal qüvvə deyilmir”, - deyə T.Abbaslı bildirib.

Partiya sədri Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab etmir: “Parlamentin legitimliyi xalq tərəfindən qəbul olunmasıdır. Amma parlament xalq arasında ən çox qınanan, ən çox tənqid olunan dövlət strukturlarından biridir. Hazırkı parlament Azərbaycanın siyasi reallıqlarına cavab verə bilməyən dövlət strukturudur”.

Siyasətçi hesab edir ki, Milli Məclis II Qarabağ müharibəsində qələbə qazanan iqtidarı nüfuzdan salmaqla məşğuldur: “Əslində, iqtidar parlamenti buraxmaqda və yeni kadrlar seçməkdə maraqlı olmalıdır. Çünki təəssüflə qeyd etməliyik ki, illər boyu parlamentdə oturmuş, indi də oturmaqda olan YAP-çı deputatlar təsadüfi insanlardır. Onlar siyasətdən anlayışı olmayan şəxslərdir. Bu siyasi naşılıq isə ya Eldəniz Səlimov kimi polisə yumruq-təpik atmaq, ya Hüseynbala Mirəlimov kimi əlinə-qoluna sahib çıxa bilməmək, ya da Abel Məhərrəmov kimi diplomatik yük adı altında çaxır daşımaq kimi əməllərlə nəticələnir. Belə bir çox nümunələr var. Bu da təsadüfi insanların parlamentdə cəmləşməsinin nəticəsidir. Milli Məclisin hər bir üzvünün yanlış fəaliyyəti öz-özlüyündə bütün parlamentin adına, imicinə mənfi təsir göstərir, qurumun xalq arasında onsuz da aşağı olan imicini sıfıra endirir”.