Milli Məclis önündə aksiya keçirən valideynlər övladlarına şəhidlik statusu tələb edirlər

Operativ.tv Turan-a istinadən xəbər verir ki, oktyabrın 5-də Milli Məclis önündə aksiya keçirən valideynlər iddia ediblər ki, övladları müxtəlif vaxtlarda döyüş şəraitində həyatlarını itirsələr də, onlara illərdir şəhidlik statusu verilmir.

"Oğlum düşmən mövqelərindən 150 metrlik məsafədə gecə postda olub, səhər gəlib meyitini tapıblar. Gülləni kürəyindən vurublar ürəyindən çıxıb, yazıblar ki, ürək çatışmazlığından ölüb. Əlimdə bütün sübutlar var, Tərtər məhkəməsi isə işi ört-basdır edib" - deyə analardan biri deyib.

Onların sözlərinə görə, dəfələrlə dövlət qurumlarına, o cümlədən Milli Məclis deputatlarına müraciət etsələr də, nəticə yoxdur. "Seçki zamanı qapı-qapı düşüb vədlər verirlər. Məni bir şəhid anası kimi bir dəfə dinləmisiniz? Mənə arxa durmusunuz? Mən sizdən pul istəmirəm. Kağız vermək istəmirlər. Onda balamı qaytarsınlar. Balam xəstə-xəstə 7 il Tovuz, Gədəbəy çöllərində olub, onların balaları isə xaricdə." 

Aksiya iştirakçılarının qarşısına çıxan Milli Məclisin vitse-spikeri Adil Əliyev isə bildirib ki, şəhid statusu ala bilməyənlərin hər birinin məsələsi ayrı-ayrılıqda müstəqil formada həll olunmalıdır. "Mən belə problemi olan bir çox şəxslərlə görüşmüşəm. Biz də çox istəyirik ki, problem həll olunsun. Heç bir müraciət cavabsız qalmayacaq. Necə ki, qalmır". 

Deputatın deməsinə görə, bir neçə müraciət artıq öz həllini tapıb, valideynlər də bununla razılaşıblar. 

A.Əliyev müraciət edən valideynlərin ayrı-ayrılıqda qəbul ediləcəyini bildirib. "Hər bir vətəndaş fərqli şəraitdə övladını itirib. Ona görə də, hər vətəndaş fərdi müraciət etməlidir. Bu müraciət əsasında da biz sorğular göndərməliyik, araşdırmalıyıq ki, doğrudan da bu insanların övladları şəhidlik statusuna aiddilər, yoxsa yox" - deyə, deputat bildirib.