Məhərrəm ayının 14-də baş verən tarixi hadisələr

Məhərrəm ayının 14-də Aşura faciəsinin tarixi gedişatı ilə bağlı bir sıra hadisələr yadda qalıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, hicri-qəməri tarixi ilə bu gün 1444-cü ilin Məhərrəm ayının 14-dür.

Məhz belə bir gündə Yezidin İraq valisi Ubeydullah ibni Ziyad İmam Hüseynin əsir götürülmüş ailə və yaxınlarının zindana atılması göstərişini verdi.

Daha sonra o Yezid ibni Müaviyəyə məktub yazaraq əsirlərlər və Kərbəlada bədənindən ayrılmış mübarək başlarla nə edəcəyini söruşdu. Bu məktuba gələn cavabdan sonra əsirlər və mübarək başlar Dəməşqə Yezidin hüzuruna göndərilir.

Bütün bu hadisələr onu deməyə əsas verir ki, Aşura faciəsinin baş verməsində və onun bu yerə gəlib çatmasında Yezid ibni Müaviyənin birbaşa göstərişləri var. Xüsusilə də əsirlərin və mübarək başların Dəməşqə aparılmasından sonra Yezidin onları təhqir etmək çabası ondan xəbər verir ki, o İmam Hüseynin və ailəsinin qanına susamışdı. Yezid düşünürdü ki, Məhəmməd Peyğəmbərin zamanında Bədr, Ühud və sair döyüşlərdə öldürülən bütpərəst əcdadının intiqamını Aşurada törətdiyi cinayətlə almış olub. O bunu bir neçə dəfə dilə gətirməkdən belə çəkinməyib.

Reallıq da budur ki, Aşura faciəsi qanın qılınca qalıb gəldiyi gündür. Məhz bu hadisədən sonra Bəni-Üməyyə hakimiyyətinə qarşı ciddi etirazlar baş qaldırdı. Aşura günü baş verən faciə hərb baxımından adi görünsə də, az keçməmiş, bu faciə İslam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradır. Tövbəkarlar qiyamı, Muxtar Səqəfinin qiyamı, Zeyd ibni Əlinin qiyamı, daha sonra Yəhya ibni Zeydin, Nəfsi Zəkiyyə, Məhəmməd ibni Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı və zülmkar hökumətlərə qarşı digər qiyamlar Aşura faciəsinin nəticəsində baş verib. Nəhayət, Əbu Muslim Xorasaninin İmam Hüseynin (ə) intiqamını almaq niyyəti ilə başlatdığı Abbasilər qiyamı sonda Hicrətin 139-cu ilində Bəni-Üməyyə hakimiyyətinə son qoyub.