Məhkəmə Əli Kərimlinin cangüdənini şərti cəzaya məhkum edib

İyunun 17-də Bakının Səbail rayon məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin cangüdəni Ruslan Əmirovun işi üzrə proses başa çatıb.

Əmirov ötən ilin oktyabrında 14-15 iyul 2020-ci il tarixlərində keçirilən Qarabağ aksiyası ilə əlaqədar saxlanılıb. Amma onun işi bu hadisələrin digər iştirakçılarından ayrı icraata ayrılıb.

Əmirov Cinayət Məcəlləsinin 186.2.1 (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 186.2.2 (eyni əməllər, ağır nəticələrə gətirib çıxardıqda), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 127.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham edilirdi.

Əmirov Turan-a dinc aksiyada iştirak etdiyini, amma qanunsuz əməllər törətmədiyini bildirib. “Mənə qarşı qaldırılan cinayət işi siyasidir. Mən hər hansı qanunsuz hərəkətə yol verməmişəm. Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə aksiyada iştirak etmişəm və indi də Azərbaycan Ordusunu dəstəkləyirəm”, deyə o bildirib.

Bununla belə, bu gün prokuror ona 4,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Hakim fəalı üç il sınaq müddəti olmaqla, 4 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Müdafiə tərəfi bu hökmdən şikayət verəcək.

* 2020-ci il iyulun 14-də axşam saatlarında Bakıda Qarabağın azadlığı uğrunda müharibəyə başlamaq tələbi ilə çoxminlik kortəbii yürüş başlayıb. Yürüş gecə boyunca davam edib və 15 iyul səhər saatlarında başa çatıb. Yürüş iştirakçılarının bir hissəsi parlament binasına daxil olub və binaya ziyan vurub.

Bu hadisələrlə əlaqədar 12 nəfər, o cümlədən Xalq Cəbhəsi Partiyasının 4 fəalı şərti cəza alıb. İşin daha 24 fiqurantı barələrində hökm çıxarılmasını gözləyir.