Məhkəmə hakimi həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinir (YENİLƏNİB)

Dünən gecə saatlarında arvadını güllələyərək öldürməkdə ittiham olunan hakim Fəqan Əhmədovun vəkili hadisə ilə bağlı açıqlama yayıb.

Vəkil Ceyhun Yusifov “Qafqazinfo”ya bildirib ki, F.Əhmədov arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməyib: “Hadisə məhz ehtiyatsızlıqdan baş verib. Bununla bağlı istintaq getdiyi üçün geniş açıqlama verə bilmərik”.

İddia olunur ki, F.Əhmədov yeni bağ evi tikdirib və qətlin baş verdiyi həmin evə yeni köçüblərmiş. Dünən axşam saatlarında da evində məclis keçirən Fəqan Əhmədov spirtli içki qəbul edib. Hadisə baş verərkən hakimin içkili olduğu iddia edilir.

Rəsmi məlumata görə, F.Əhmədov arvadını qəsdən öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Cütlüyün 3 övladı var.

 

*******

11:24

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirməkdə şübhəli bilinir.

Baş Prokurorluğun Mətbuat Xidmətinin verdiyi məlumata görə, Fəqan Əhmədovun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində istintaqa cəlb edilib.
 

Hadisə mayın 30-da Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.