“Məhbus Zamin Salayevə tibbi yardım göstərilmir”

Hüquq müdafiəçisi AXCP üzvünün səhhətinin kəskinləşdiyini deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin fəalı, 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Zamin Salayevin səhhətində kəskin problemlər olduğu, lakin ona lazımi tibbi yardım göstərilmədiyi bildirilir. Bu barədə Meydan TV-yə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov məlumat verib.

“Əlzamin Salayev ağır xəstədir. Amma saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində həkimlər diqqət göstərmir. Neçə gündür ki, möhkəm öskürür, titrədir, yüksək qızdırması var. Amma cəzaçəkmə müəssisəsinin tibbi-sanitariya hissəsinə yerləşdirilmir. Deyirlər ki, yer yoxdur”, - Rüfət Səfərov bildirib.

Vaxtilə özü də həbsdə olan və 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan hüquq müdafiəçisi deyir ki, müəssisələrin tibbi-sanitariya hissəsində təkcə səhhətində problem olanlar yox, həm də maddi baxımdan imkanlı məhkumlar saxlanılır: “İmkanlı, amma sağlam məhkumlar da aylıq pul verib orada yaşayırlar. Ümumi yataqxanalarda qalmağı özlərinə rəva bilmirlər”.

Zamin Salayevin oğlu Oktay Salayev də atasının səhhətində problemlər olduğunu Meydan TV-yə təsdiqləyib. O bildirib ki, aprelin 1-də səhər saat 11radələrində Zamin Salayev ailə üzvlərilə əlaqə saxlayıb, 3-4 gündür səhhətində problemlər olduğunu, ona tibbi yardım göstərilmədiyini deyib.

Bundan sonra ailə üzvləri Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsilə əlaqə saxlayaraq, Zamin Salayevin durumu haqda məlumat verib: “Həkim dedi ki, atamın durumu ilə bağlı bizə məlumat veriləcək. İndiki xəstəlikdən başqa, atamın qaraciyərində də problem var. Keçən il o, həbs olunmamışdan az əvvəl əməliyyat olunmuşdu. Ona görə çox narahatıq”.

Tibb Baş İdarəsindən bildirilib ki, tibbi yardıma ehtiyacı olan hər bir məhkumla bağlı operativ şəkildə tədbir görülür.

Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Daha sonra Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, qarşı tərəfin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.